Bank

Şirkətlər "Rabitəbank"dan 41 milyon manatı geri çəkiblər: HESABATIN TƏHLİLİ

Ötən ilin sonunda xarici görkəmini dəyişib daha modern bir stildə  “Rabitəbank” ASC birinci rübdə maliyyə vəziyyətini açıqlayıb.

ENA.az xəbər verir ki, bank ötən yanvar-mart aylarında kiçilib, aktivlərində və kapitalında azalma baş verib. Buna baxmayaraq, bankın pul hərəkətlərindən gəlirliliyinin yüksək olduğu görünür. Eyni zamanda, bankın aktiv kreditləşmədən çəkildiyi və daha çox daxili – yəni, maliyyə qurumlarına borc verməyə meyilləndiyi açıq görünür. Ən böyük dəyişikliklər isə bankın ticarət və investisiya qiymətli kağızlarının həcmində qeydə alınıb.   

Əsasən istehlak kreditləri verib

Beləliklə, rəqəmlərlə ifadə etsək, “Rabitəbank”ın cəmi  aktivləri 709 milyon 102 min manat təşkil edib.  Bu isə o deməkdir ki, ötən üç ayda bankın aktivləri 30 mln. manat və ya 4% azalıb. Çünki ilin əvvəlində bankın cəmi aktivlərinin həcmi 739 milyon 984 min manat təşkil edirdi.

Aktivlərin tərkibinə baxsaq, 388 milyon 250 min manatını kredit portfeli təşkil edir. Bu isə kredit portfelinin aktivlərdə cəmi 45,7% paya malik olduğunu göstərir. Ötən 3 ayda banklara verdiyi kreditlərin həcmi 10 milyon 300 min manat artıb və portfelin bu seqmenti 24 milyon 714 min manat olub.  Bank ötən yanvar-mart aylarında əsasən istehlak kreditləri verib. İstehlak kreditləri üzrə portfel 101 milyon manatdan 154 milyon manata yüksəlib. Biznes kreditləri isə əksinə 46 milyon 294 min manat azalaraq 160 milyon 479 min manat təşkil edib. Eyni zamanda bank aktivlərinin böyük hissəsini digər banklarda depozit şəklində saxlamaqda davam edir. 2020-ci ilin birinci rübünün sonuna bu məbləğ 147 milyon 379 min manatdır.  

 

Qiymətli kağızlarını satıb

“Rabitəbank” malik olduğu  qiymətli kağızların 73%-ni ötən üç ayda satıb və birinci rübün sonunda ticarət, investisiya qiymətli kağızlarının həcmi 15 milyon 830 min manata düşüb. Halbuki, 2019-cu ilin birinci rübündə bu portfel 70 milyon 962 min manat idi. Əgər “Pul hərəkəti”nə baxsaq, orada görünür ki, satış üçün nəzərdə tutulan investisiya qiymətli kağızların satılması və geri alınmasından dövriyyə kəskin artaraq 31 milyon 823 min manata yüksəlib. Halbuki, ötən ilin yükununda cəmi 7 milyon 566 min manat təşkil etmişdi.

 

Şirkətlər pulunu çıxarır, borc öhdəliyi artır

Bankın depozit portfeli 33 milyon manata yaxın “əriyib”. Başqa sözlə, 6,7% kiçilməklə depozitlərin ümumi həcmi 463 milyon 239 min manata düşüb. Ötən üç ayda fiziki şəxslərin əmanətləri 5 milyon 691 min manat artdığı halda, hüquqi şəxslər 41 milyon manata yaxın vəsaitlərini geri çəkiblər. Nəticədə hüquqi şəxslərin depozitlərinin həcmi 267 milyondan 228 milyon manata enib. “Rabitəbank”ın Mərkəzi Bank və dövlət fondaları qarşısında öhdəlikləri isə 1 milyon artaraq 4 milyon 536minə çatıb. Bank həmçinin subordinasiya borclarını yanvar-mart aylarında 10 milyon manata qədər artırıb və 20 milyon 38 min manata  olub. Xatırladaq ki, subordinasiya borc öhdəlikləri - emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, sahibinin tələbi ilə geri alınmayan və s öhdəliklərdir. Subordinasiya borcları adətən banka səhmdarlar tərəfindən verilir.

Bu tendensiya ümumilikdə bankın öhdəliklərinin həcmində də özünü göstərir, beləki ötən üç ayda bu rəqəm 638 milyon manatdan 612 milyon manata düşüb.

 

Kapitalı azalıb, zərəri artıb

“Rabitəbank” ASC-nin birinci rübündə kapitalı azalıb. Hesabata görə, 2019-cu ilin sonunda 101 milyon 361 min manat olan kapital ötən üç ayda 4 milyon 317 min manat “əriyərək” 97 milyon 44 min manata düşüb.  Bankın bölüşdürülməmiş zərərində 4 milyon 471 min manat artım baş verib və 2020-ci ilin birinci rübünün sonunda 12 milyon 654 min manat olub.

Bankın nizamnamə kapitalı dəyişməyib: 101 milyon 300 min manat.  Məcmu kapitalı 105 milyon 338 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 20.69% təşkil edib.

 

Xüsusi ehtiyatlarını kəskin artırıb

"Rabitəbank" ASC bu ilin I rübünü 1,129 milyon manat mənfəətlə başa vurub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,3% azdır.

Yanvar-mart aylarında "Rabitəbank"ın gəlirləri 14 milyon 741 min manat olub ki, bu da illik müqayisədə 21,3% azdır. Xərcləri isə 18,1% çoxalmaqla 10 milyon 491 min təşkil edib. Bank görünür vəziyyəti nəzərə alaraq, xüsusi ehtiyatlara ayırmaları kəskin – 223 dəfə artıraraq 3 milyon 121 min manata yüksəldib. Halbuki, 2019-cu ilin sonunda bu rəqən cəmi 14 min manat təşkil edirdi. Mənfəət vergisi ödəmədiyindən bankın dövr üzrə xalis gəliri 1,129 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı