"Fuad Aslanlının bankı"nda vəziyyət necədi? - HESABAT
Ötən iki ildə Azərbaycanın bank sektorunda fəaliyyəti maraqla izlənən banklardan biri də “Bank Avrasiya” ASC-dir. Ölkənin maliyyə sistemində nüfuzlu keçmiş məmurlardan biri olan Rüfət Aslanlının qardaşı Fuad Aslanlıya məxsus bu bankın bağlanacağı barədə ara-sıra məlumatlar sızsa da, görünən odur ki, digərlərindən daha dayanıqlıdır.
İstehlak kreditləri 2,4 dəfə artıb
ENA.az olaraq, “Bank Avrasiya”nın 2020-ci ilin birinci rübü üzrə açıqladığı rəqəmlərin təhlilini təqdim edirik.
Bu ilin yanvar-mart aylarında bankın aktivləri 4,9% azalaraq 162,049 milyon manata enib. Aktivlərdə ən böyük həcm kredit portfelinin payına düşür. 31 mart 2020-ci il tarixinə bankın kredit portfeli 108,336 milyon manat təşkil edib ki, bu da birinci rübdə 0,8% azalma deməkdir. Kredit portfelinin tərkibində daha çox biznes kreditləri mühüm yer tutan “Bank Avrasiya” ötən 3 ayda istehlak kreditlərini 2,4 dəfə artıraraq 8,398 milyon manata yüksəldib. Biznes kreditləri 4.7% azalaraq 60.172 milyon manata düşüb. Buna baxmayaraq, beznes kreditləri portfeldə 56% təşkil edir.
Hüquqi şəxslər pullarını geri çəkiblər
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 92.123 milyon manat olub, bu isə 8.5% azalma deməkdir. Öhdəliklərdəki düşmı tendensiyası əsasən əmanətlərin geri çəkilməsi ilə bağlıdır. Belə ki, birinci rübün sonuna bankdakı əmanətlər 16,2% azalaraq, 45,096 milyon manata enib. Bankın depozit portfelində ciddi pay bölgüsü fərqi meydana çıxıb. 40,166 milyon manat fiziki şəxslərin pullarıdır. İzlənən müsbət tendensiya bu portfelin 2,9% artmasıdır. Lakin hüquqi şəxslərin bankdakı pulları ciddi şəkildə əriyib. Belə ki, yanvar-mart aylarında hesablardan 14 milyon manata yaxın pul çəkilib. Rəqəmlə ifadə etsək, 31.12.2019-cu ilə hüquqi şəxslərin hesablarının həcmi 14 milyon 837min manat olduğu halda, 31.03.2020-ci ilə bu göstərici 4 milyon 979 min manata düşüb.
Öhdəliklərdə mühüm bəndlərdən biri, “Bank Avrasiya”nın başqa maliyyə qurumlarına 46 milyon manat borcunun olmasıdır.
Kapitalı artıb
31 mart 2020-ci il tarixinə bankın kapitalı 69.926 milyon manata yüksəlib və burada artım 0.3%-dir. Kapitalın tərkibində nizamnamə kapitalı 50 milyon manat, bölüşdürülməmiş mənfəət 18 milyon manatdır.
Mənfəət artımı - 10 dəfə
"Bank Avrasiya" bu ilin I rübünü 145 min manat mənfəətlə başa vurub, bu, ötən ilin eyni dövrünə nisbətən 10 dəfə çoxdur.
Yanvar-mart aylarında "Bank Avrasiya"nın gəlirləri 3,1 milyon manat, xərcləri 1,646 milyon manat təşkil edib. Bank xüsusi ehtiyatlara ayırmalarını 19,6% azaldaraq 1,309 milyon manata endirib və görünür bu amil də onun mənfəətində öz sözünü deyib. Bank dövlətə mənfəət vergisi ödəməyib.
Qeyd edək ki, “Bank Avrasiya” ASC 28 noyabr 2007-ci ildə Azərbaycanda bank lisenziyası alıb.