Bank

Depozitarlar Beynəlxalq Bankdan 287 milyon manatı geri çəkiblər - HESABAT

Ötən bir il ərzində yalnız müsbət dinamika göstərən Azərbaycanın dövlət bankı - “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin 2020-ci ilin yanvar-mart ayları üzrə bəzi mühüm göstəricilərində enmə tendensiyası müşahidə olunur. İlk növbədə bankın aktivləri 3,7%, depozit portfeli 5,1% azalıb. Xalis mənfəəti isə 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 60,8% düşüb.

 

Nağd pul 439 milyon manat “əriyib”

ENA.az bankın hesabatları üzrə analizini təqdim edir. Beləliklə, ABB-nin aktivləri 8 mlrd. 890,952 mln. manata düşüb. Aktivlərdə azalma əsasən nəyin hesabına baş verib, sualına rəqəmlərin işıq saldığı cavab budur ki, ilk növbədə nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait 3 ayda 439 milyon manat “əriyib”. Bank iqtisadi sektordakı mövcud vəziyyətə adekvat olaraq ticarət və investisiya qiymətli kağızlarına yatırımlarını 33 milyon manat artıraraq 902 milyon 921 min manata yüksəldib. Ötən il istehlak kreditləri ilə bağlı hökumətin banklara iradlarına baxmayaraq, aktivlərdə istehlak kreditlərinin həcmi artmaqda davam edib və cəmi – 552 milyon 828 min manatdır. Yanvar-mart aylarında ABB, 44 milyon manat həcmində istehlak kreditləri verib. Biznes kreditləri isə 2 milyon manat düşərək, 1 milyard 249 milyon 150 min manat təşkil edib. Ümumilikdə yanvar-mart aylarında bankın kredit portfeli 2,6% artaraq - 2 mlrd. 436,592 mln. manat olub. Göründüyü kimi, artım yalnız istehlak və daşınmaz əmlak kreditlərinin hesabınadır. Bank aktivlər üzrə mümkün zərərlərin qarşısını almaq üçün ehtiyatlarını da 17 milyon manat artırıb, 238 milyon 722 min manata çatdırıb.  

 

287 milyon manat pul geri çəkiblər  

Hesabat dövründə ABB-nin öhdəlikləri 5,1% azalaraq 7 mlrd. 478,831 mln. Manata bərabər olub. Azalma tam olaraq depozit portfelinin “əriməsi” səbəbindən baş verib. Yanvar-mart aylarında bankdan 287 milyon manat pul geri götürülüb və depozitlərin həcmi 5 mlrd. 348 mln. manata enib. Azalmanın 40 milyonu fiziki şəxslərin depozitlərində, 247 milyonu isə hüquqi şəxslərin depozitində qeydə alınıb. Bank birinci rübdə təxirəsalınmış vergi borclarından bir qəpik də ödəməyib: 8 milyon 138 min manat.

 

Kapitalı artıb

31 mart 2020-ci il tarixinə bankın kapitalı 4,7% artaraq 1 mlrd. 402,831 min manat təşkil edib. ASC-nin nizamnamə kapitalı dəyişməyərək, 1 mlrd. 224,478 mln. manatdır. Kapitalın 126 milyon 475 min manatını ümumi ehtiyatlar, 51 milyon 168 min manatını isə bölüşdürülməmiş mənfəət təşkil edir.

 

Valyuta əməliyyatlarından gəliri çoxalıb

ABB 2020-ci ilin birinci rübünü 51 milyon 49,27 min manat xalis mənfəətlə başa vurub. Hesabat dövründə bankın fazi gəlirləri 105 milyon 772,44 min manat olub ki, bu da 2,7% azalma deməkdir. Faiz xərcləri isə 6,3% artaraq 24 milyon 882,4 min manat təşkil edib. Ötən il bankın qeyri-faiz gəlirləri 13,1% artıb və 33 milyon 245,42 min manata yüksəlib. Bank valyuta əməliyyatlarından rüb ərzində 15 milyon 610 min manat gəlir götürüb. ABB-nin qeyri-faiz xərcləri 30,6% yüksələrək 38 milyon 505,83 min manat təşkil edib. Bank 24 milyon 580 min manat həcmində məqsədli ehtiyatlar yaradıb. Vergi ödənişinədək bankın mənfəəti 51 milyon 49 min manat olub. Ötən 3 ayda da bank dövlət büdcəsinə vergi ödənişi etməyib və nəticədə dövr üzrə xalis mənfəət 51 milyon 49.27 min manat həcmində açıqlanıb. 

 

Qeyd edək ki, ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı