MALİYYƏ

Azərbaycan faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİR?

Martın 19-da Azərbaycan Mərkəzi Bankının 2020-ci ildə pul siyasətinə həsr olunan ikinci iclası keçiriləcək. İclasda faiz dəhlizinin parametrlərinə dair qərarlar veriləcək. 

ENA.az xəbər verir ki, 2019-cu ildə Mərkəzi Bankının İdarə Heyətinin 8 dəfə iclası keçirilmiş və bütün iclaslarında faizlərin endirilməsinə qərar verilmişdi. 31 Yanvarda keçirilmiş 2020-ci ilin ilk iclasında da Mərkəzi Bank faiz endirmişdi. 

2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə, Oktyabr ayında 7,75%-ə, Dekabr ayında 7,50%-ə, 2020-ci ilin Yanvar ayında isə 7.25%-ə salındı. 

İllik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda (4±2%) qaldığından Martın 19-da da faiz endirəcəyi ehtimalı yüksəkdir. Əgər bu dəfə də faizdə 0,25 baza bəndi azaltma olarsa uçot dərəcəsi 7%-ə düşəcəkdir.  

"Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar makroiqtisadi fundamentalların dinamikasından və inflyasiya risklərinin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcəkdir",-  Mərkəzi Bank sonuncu iclasından sonra yaydığı bəyanatda bildirmişdi.

Koronavirusun yaratdığı çətinlikləri azaltmaq üçün mərkəzi banklar faiz endirirlər. 

Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycan neft ölkəsi olduğundan qiymətlərin düşməsi bazarda xarici valyutaya tələbin artması ilə müşaiyət olunur. Mərkəzi Bank vəziyyəti sabitləşdirmə tədbirləri çərçivəsində faiz endirimlərinə fasilə də verə bilər.


AZƏRBAYCAN PREZİDENTİ FAİZLƏRİN AŞAĞI DÜŞMƏSİNİ İSTƏYİR

Yanvarın 13-də, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti faizlərin aşağı salınmasını istədiyinə işarə etmişdi. 

 

UÇOT FAİZ DƏRƏCƏSİ NƏDİR?

Nəzəriyyəyə görə, uçot faiz dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

​Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)