Sosial iqtisadiyyat

“Bazarstore” müştərilərini aldadır? - VİDEO

Sosial şəbəkədə “Bazarstore” marketlər şəbəkəsinin halal adı ilə müştərilərə təqdim etdiyi məhsul barədə şikayət paylaşılıb.

Şikayətdə qeyd olunub ki, “Tərkibində donuz əti olan məhsulu “Halal” etiketi ilə satırlar. İradımı “whatsapp” vasitəsi ilə bildirdikdə isə, yanındakı Azərbaycan bayrağını işarə edərək, yerli məhsul olması barədə məlumatdır dedilər. Görəsən, donuz əti hansı dində halaldır?” 

Şəkil “Bazarstore” mağazalar şəbəkəsinin qiymət kataloqunda yer alıb. Yerli istehsalı olmayan bir şirkətin istehsal etdiyi sosiskanın tərkibində donuz əti olsa da, üzərinə halal olduğunu bildirən nişan yerləşdirilib. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, yaşanan mənzərə istehsalçı tərəfindən istehlakçının aldadılmasıdır. 

“Mən müştərinin göndərdiyi şəklə fikir verdim, istehsalçı özü yazır ki, bunun tərkibində donuz piyi var. Üstünə də halal logosu qoyub, bu, əlbəttə ki, absurddur. Halal standartlarında belə hal mümkün deyil. Bu istehlakçının aldadılmasıdır, yolverilməzdir. Düşünürəm ki, AQTA bunula ciddi məşğul olmalıdır. Onu da qeyd edim ki, əhali bilməlidir ki, donuz əti olmadan da kolbasa hazırlamaq mümkündür” – deyə E.Hüseynov bildirib.

Məsələ ilə bağlı “Bazarstore” mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Günay Novruzqızı bildirdi ki, yaşanan neqativ hal aradan qaldırılıb və bununla bağlı vətəndaşdan üzr istənilib: 

“Biz müştəriyə izah etdik ki, o, çap xətasıdır. Məsələ ilə bağlı müştəridən üzr istədik”. 

Azərbaycanda 6 il öncə halal standart qəbul olunub və demək olar ki, bu standart bütün dünya təcrübəsini özündə ehtiva edir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)