Neft Hürmüz boğazında artan hücumlar fonunda bahalaşıb (08.10.2026)
Neftin qiyməti Fars körfəzi və Hürmüz boğazında dəniz daşımalarına qarşı hücumların artması fonunda yüksəlib.
ENA.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 1,33% bahalaşaraq 1 barel üçün 101,53 dollara, WTI markalı neft isə 1,26% artaraq 89,39 dollara yüksəlib.
Qiymət artımına əsas səbəb Orta Şərqdən neft tədarükü ilə bağlı narahatlıqların güclənməsidir. Son hücum zamanı Qətərin şimalında hərəkət edən tankerə bir neçə mərmi ilə zərbə endirildiyi və insan tələfatının olduğu bildirilir. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları qurumu hücumu təsdiqləyib.
ABŞ-da neft ehtiyatlarının gözləniləndən daha çox azalması da qiymətləri dəstəkləyib. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, oktyabrın 2-də başa çatan həftədə ölkənin xam neft ehtiyatları 3,2 milyon barel azalaraq 424,1 milyon barelə düşüb.
Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyinin bazara neft çıxarmaq qərarının təklifi müvəqqəti artıracağı, lakin yeni hasilat gücü yaratmayacağı bildirilir.



















