Sığorta haqqının gecikdirilməsinə faiz hesablanacaq və BELƏ BÖLÜŞDÜRÜLƏCƏK
“Tibbi sığorta haqqında” qanunu pozanlara maliyyə sanksiyaları tətbiq ediləcək, eyni zamanda sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə faiz hesablanacaq.
“ENA” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından məlum olur.
Fərmada qeyd edilib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının 50 faizi aşağıdakı kimi bölüşdürülür:
-5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;
- 22,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;
- 22,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür;
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi aşağıdakı kimi bölüşdürülür:
- 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;
- 12,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;
- 12,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür.”;