İslam sığortası: Həm mülkünü sığortalatdır, həm də şirkətin gəlirlərindən pul qazan – MÜSAHİBƏ
Azərbaycanın sığorta bazarında yeni alət - islam sığortası (Təkaful) yaradılıb. Bu sığorta növü sığorta sektoruna bir sıra yeniliklər gətirəcək və ənənəvi sığorta növlərindən fərqlənəcək. Ölkənin ilk İslam sığortası brokeri olan "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin fəaliyyətə başlaması ilə İslam sığortasının tətbiqinə başlanılıb. Bəs Təkaful nədir? Bu sığortanın ənənəvi sığortadan hansı fərqləri olacaq?
ENA.az xəbər verir ki, bu və digər suallara "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin direktoru Eyvaz Cəfərli aydınlqı gətirib:
- Eyvaz müəllim, Təkaful - islam sığortası nədir, ənənəvi sığorta ilə hansı fərqləri var?
- İslam sığortasının ənənəvi sığorta ilə bir sıra fərqləri var. Bunlardan biri də inanc məsələsi ilə bağlıdır. Ümumiyyətlə, sığorta özlüyündə İslami cəhətdən haram hesab edilmir. Sığortada haram olan elementlər riba (faiz), ğarar (həddindən artıq qeyri-müəyyənliyin alqı-satqısı) və meysir (qumar elementlərinin olması) haramdır.
Sığorta məhsullarının satışı həyata keçirilərkən əvvəlcə ödəniş alınır, sonra hadisə baş verərsə xidmət göstərilir. Bu modeldə fərqlidir. Biz sığorta şirkəti kimi müqavilə bağlayır və müştəri sığorta fondu, yəni təkaful fondu formalaşdırıq. Bu fondda toplanan bütün vəsaitlər həmin fonda yığılır. Həmin fonddan bir faiz məbləği tutulur: 25, 30, maksimum 35 ola bilər. Bu da müqavilələr üzrə dəyişir və hər müqavilədə konkret göstərilir. İdarəetmə haqqı kimi şirkətə tutulur ki, şirkət hadisələri tənzimləyir, underwriting aparır, müqavilələr bağlayır və s. Orada bir profit faizi var. Yerdə qalan məbləğ isə fonda köçürülür. Fondda toplanan bütün vəsaitlər zərərlərin, yəni hadisələr baş verdikdə iştirakçılar, sığortalılar kimlərdirsə, onların zərərlərinin qarşılanmasında istifadə olunur.
Bizim əsas fərqlərimizdən biri də odur ki, ilin yekununda fondda pul qalırsa, yəni hamısı istifadə olunmursa, bu zaman həmin fondda qalan pul iştirakçıların pulu hesab olunur. Yəni, sığorta şirkətinin mənfəəti hesab olunmur. Onu da biz əvəzləşdirmə yolu ilə sığortalılara qaytarırıq.
Müqavilə bağlayıb, müddəti bitir, növbəti müqaviləni bağlayanda artıq fond qalığındakı payı nə qədərdirsə, biz onu əvəzləşdiririk. Məsələn, müştərinin 20 manat fond qalığında payı var, 100 manat sığorta haqqı ödəyəcəkdisə, artıq 80 manat ödəyəcək.
Digər bir məsələ, biz investisiya edərkən ənənəvi sığortadan fərqli olaraq, həmin investisiyadan əldə edilən gəlirin də 70%-ni fonda köçürürük, bu, sığortalıların pulu olur. 30%-i isə şirkətin investisiyanı idarəetmə haqqı kimi tutulur. Burada da əsas fərq odur ki, yəni ənənəvi sığortadan faizə, depozitə pul yerləşdirmə geniş istifadə olunan investisiya alətidir və ordan gələn gəlir bütünlüklə sığorta şirkətinin olur. Burada həmin depozitə yerləşdirmə ümumiyyətlə haramdır. Sukuq və sair digər İslami maliyyə alətlərinə investisiya olunur. Və ordan gələn gəlir də yenə idarəetmə haqqı tutulur, yerdə qalan hissə iştirakçıların.
- Siz 70%-lik hissənin fonda köçürlüdüyünü qeyd etdiniz, bəs qalan 30%-lik hissə şirkətin hesabına keçir?
- Bizdə “Saf Təkaful”da Uyğunluq Şurası fəaliyyət göstərir. Bizim ümumiyyətlə bütün fəaliyyətimizə müstəqil nəzarət həyata keçirir və onun veto hüququ var. Yəni onun yox dediyi hər hansı bir hərəkəti biz edə bilmərik. Yəni məhsul sata bilmərik, marketinq layihəsini həyata keçirə bilmərik və s. Burda da sığortaçının öhdəlikləri var, sığorta şirkətinin və broker kimi bizim öhdəliklərimiz var. Biz üçüncü bir tərəf kimi, müstəqil, heç kimdən asılı olmayaraq, müqavilə əsasında Qala Sığorta ilə əməkdaşlıq edirik.
Biz Qala Sığortaya bir pəncərə açırıq. Qala Sığortanın infrastrukturundan istifadə edirik, sığortanın İslami sığorta məhsullarının satışını həyata keçiririk. Burda da iki tərəf də gördüyü işə görə bir haqq alır. İnvestisiya gəlirlərində də biz ordan nəzərdə tutmuşuq ki, investisiya gəlirlərinin 70%-i fondun, yerdə qalan 30%-i isə müxtəlif faizlərdə, yenə deyirəm həmin dövrdə, sığorta şirkəti ilə broker arasında bölüşdürülür.
Sığorta haqları isə orda da artıq müəyyən məsələlər var ki, təsir edir sığorta hadisəsinin tezliyi və s. tərəflər arasında razılaşma əsasında müxtəlif faizlərdə, yəni bölgülər olur ki, sığorta brokerinin də bu fəaliyyəti həyata keçirməyə görə inzibati xərcləri çıxsın və müəyyən bir profiti olsun, sığorta şirkəti də ziyan eləməsin. Çünki burda bir risk də var ki, fond mənfiyə düşərsə, bu zaman şirkət qardul həsən, faizsiz borc olaraq verməlidir həmin fonda ki, fond tamamlansın. Və həmin fonddakı olan pul sığorta şirkətinin digər sığorta haqlarına qarışmır. Ayrı bir hesabdır, fonddur. Bütün pullar təkafulla bağlı gələnlər ora toplanır. Yerdə qalan hissə isə yəni digər sığorta haqları isə həmin fonda köçürülmür və heç bir əlaqəsi olmur, qarışmır bir-birinə.
- Eyvaz müəllim, bəs təkaful hansı sığorta siniflərinə aid olacaq?
- Biz hal-hazırda üç məhsul təqdim edirik və digər məhsulların təqdimatı ilə bağlı da işlər aparırıq. Bu məhsul avtomobillərin könüllü sığortası - kasko sığortadır, daşınmaz əmlakın könüllü sığortasıdır və yüklərin sığortasıdır.
- Yalnız könüllü sığorta həyata keçirilir? Başqa sığorta sinifləri üzrə məhsullar təqdim olunacaq?
- Bəli, hazırda yalnız könüllü sığortalardır. Digər məhsulların da təqdim edilməsi ilə bağlı işlər aparırıq. Qısa müddətdə digər məhsullar da həyata keçiriləcək.
- Eyvaz müəllim, bir sahibkar öz əmlakını – evini, obyektini, və s. niyə başqa sığorta şirkətində də deyil, təkaful sığorta ilə sığortalamalıdır? Bunun hansı üstünlükləri var?
- Birincisi, burada böyük bir kütlə var idi ki, dini inanclarına görə sığortadan yararlana bilmirdilər. İslam dininə görə, hazırki sığorta siniflərindən istifadə etmək olmazdı. Burada bir şərt var, zəruri hallar istisna edilir. Çünki sahibkar icbari sığortanı vaxtında eləməsə cərimələnir, buna görə də, istifadə edirlər.
Digər bir məsələ, bizdə biz fondda qalan pul yəni sığorta şirkətinin deyil, sahibkarın olur. Məsələn sahibkarın lizinq şirkəti fəaliyyət göstərir, Lizinq şirkətləri lizinq əsasında avtomobil satışı həyata keçirir. Bu zaman şəxs avtomobili sığortalamalıdır ki, sabah avtomobilin başına hadisə gələ bilər, məhv ola bilər, verdiyi vəsait sığortalansın. Və orada sığortalı və faydalanan şəxs şirkətin özü olur. Daimi artıq bizdən sığortalanır, payı formalaşır orada. Qaldığı paydan da hadisələri olanları çıxmaqla digər müqavilələrdən qazanc əldə etməyə başlayır. Məsələn bu il 100 manat verib, başqa bir müştəri gələndə eyni maşını 100 manata yox, 90 manatına təklif edə biləcək. Şirkət satış qiymətini daha ucuz deyə biləcək və ya standart qiyməti deyəcək, əldə etdiyi qazanc öz qazancı kimi də istifadə edəcək.
Digər bir tərəfi, investisiya məsələsidir. Artıq ölkəmizdə İslam maliyyəsi inkişaf edir və investisiya alətləri formalaşır. İslami investisiya alətləri formalaşdıqdan sonra yavaş-yavaş biz artıq danışıqlar da aparırıq bir neçə qurumla, sadəcə rəsmiləşmək yoxdur deyə hal-hazırda elan edə bilmirəm. Biz investisiya fondda vəsaitdən investisiyaları həyata keçirib, oradan əldə etdiyimiz gəliri də iştirakçılara veririk. Yəni mən investisiyada qazandırmış oluram və bunu halal yollarla edirəm. Bizim müsbət tərəflərimiz bunlardır.
- Bəs avtomobil sığortasında vəziyyət necə olacaq?
- Ənənəvi sığortada olduğu kimi, sizin avtomobilin sığorta məbləği müəyyən olunur, sığorta dəyəri və onun əsasında sığorta məbləği müəyyən olunur.
Sığorta məbləği nədir? Maksimum riskdir. Sizin tutaq ki, avtomobilin 20 000 manat dəyəri var, biz sizə təkliflər edirik. 20 000 manat sığortalamaq istəyirsinizsə, yəni tam sığortalanmaq istəyirsinizsə, qiymət “X” manatdır. Amma siz ola bilər ki, deyəsiniz yox, mən qismən istəyirəm, tutaq ki, 10 000 manatlıq, onun qiyməti “X” manatdır.
Ümumiyyətlə İslam hüququnda bu konkretlik məsələsi var ki, qeyri-müəyyən heç nə olmamalıdır. Siz bilməlisiniz hər şeyi. Şərtləri nə olacaq, hansı məbləğdə olacaq, azadolma nə qədər olacaq – bunlar hamısı rəsmi şəkildə göstərilməlidir. Siz orada görəcəksiniz ki, müqavilə bağlayanda sizin ödədiyiniz tutaq ki, 100 manatlıq sığorta haqqının neçə manatı getdi şirkətin hesabına, neçə manatı fonda getdi. Və siz hər şeyi şəffaf görməlisiniz. Bu, İslam hüququnun tələbidir. Ona görə dediyiniz məsələlər də müqavilədə öz əksini tapır.
- Fondda olan vəsaitlər də gələn il həmin şəxs avtomobili sığortalayanda balansından çıxılacaq?
- Bəli, orada da müəyyən məsələlər var. Məsələn müştərinin fondda 100 manat vəsaiti var. Amma sığorta hadisəsi olub və 5 min manat ödəniş alıb. Artıq təbii ki, həmin şəxs ödəniş almayacaq. Və yaxud ola bilər ki, ona çatası 100 manatlıq bir ödəniş var, amma o, 50 manatlıq ödəniş alıb, o zaman 50-ni çıxıb, yəni aldığı ödənişi çıxıb, yerdə qalan 50-ni əvəzləşdiririk. Bir də xitam verilərsə, müqavilə bitmədən, o həmin hallarda sığortadan fond qalığından pay ala bilmir.
- “Saf Təkaful”un gəlirləri ənənəvi şirkətlərlə müqayisədə daha aşağı olacaq, bu da, dayanıqlılıq baxımından problemlər yarada bilər. Siz bu riskləri nəzərə almısınız?
- İslam maliyyəsində də əsas xeyirxahlıq, yardım var. Təkafulun özü ərəb dilində sığorta haqqı "təbərru", ingilis dilində "contribution" deyirlər, yəni "töhfə". Mən sığorta haqqı eləmirəm, mən töhfə verirəm fonda, yardım eləyirəm ki, mən və mənim kimi müsəlman qardaş və bacılarım faydalansınlar o fonddan. Yəni bura əslində qoşulan insan qazanc məqsədilə yox, yardım etmək məqsədi ilə də qoşulur.
Mən qoyduğum pul vasitəsilə digər müsəlman qardaşıma, bacımın başına gələn hadisə tənzimləndi, mən ona kömək oldum, bu mənadadır. Düzdür, hər bir kommersiya fəaliyyəti istəyir müəyyən bir gəlir əldə etsin ki, davamlılığı olsun, amma burada paralel də həm də savab qazanmaq məsələsi var. Sözsüz ki, gəlirlər ənənəvi sığorta şirkətinə nisbətən daha az olacaq.
- Eyvaz müəllim, sonuncu sualımız bu sığortanın tarixi ilə bağlıdır, Ümumiyyət bu sığorta növü necə meydana gəldi, hazırda hansı ölkələrdə aktiv istifadə olunur?
- Biz iddia etmirik ki, bu İslam tarixi əsası ilə formalaşıb. İslam meydana gələndə sığorta ümumiyyətlə mövcud idi. Hansı formada? İlk səhv etmirəmsə gəmiçilər arasında formalaşıb ki, bir hub, fond formalaşdırıblar ki, bütün vəsaitləri bir yerə toplayaq və kimin hadisəsi olarsa, fırtınada nəsə zərər çəkərsə və sair, ticarətdə başına nəsə gələrsə, karvanlarda və sair ordan qarşılansın. Belə sığortadır. Və İslam yarandığı tarixdən də artıq bu sığorta məhsulunu, növünü yavaş-yavaş, təbii formada inkişaf etdirib.
Bunu təkimlləşdirib islami dəyərlər əsasında formalaşdırıblar,burada haram elementləri çıxarıblar, digər məsələlər orda öz əksini tapıb. Və bu formalaşa-formalaşa gəlir və artıq 20-ci əsrin ortalarından başlayaraq təkaful inkişafa başlayır. Beynəlxalq təşkilatlar var İslam Maliyyə İnstitutları üçün Mühasibatlıq və Audit Təşkilatı (AAOIFI), İslam Maliyyə Xidmətləri Şurası (IFSB) kimi təşkilatlar var. Biz də fəaliyyətimizdə onların standartlarını və prinsiplərini rəhbər tuturuq. Onlar artıq müəyyən standartlar formalaşdırmağa başlayıb Körfəz ölkələrində, Malaziyada, sonradan bizim qonşu Türkiyədə İslam bankçılığı və maliyyəsi formalaşmağa başlayıb. İndi hal-hazırda kifayət qədər inkişaf edib. Düzdür, bizdə Azərbaycan olaraq yenidir, amma mən hesab edirəm ki, formalaşmış bir dünya praktikası var deyə, bu məsələyə tezliklə ayaq uydura bilərik.
Bir məsələni də mən qeyd edim ki, bizim bir tərəfdən də üstünlüyümüz odur ki, biz bu şirkəti bir fintech kimi, bir startup kimi formalaşdırmışıq. Yaxın müddətdə bizim veb layihəmiz təqdim olunacaq. Və burda siz adi veb-sayt kimi həm məlumatları ala bilərsiniz, həm də şəxsi kabinetiniz vasitəsilə bütün müqavilələrinizi izləyə bilərsiniz. Sığorta hadisəniz varsa, sığorta hadisənizin məlumatı şəxsi kabinet vasitəsilə də verə bilərsiniz. Orda sizə fondda hansı müqaviləniz üzrə nə qədər ehtimal olunan payı var, onları görə bilərsiniz və sair digər funksionallıqlar öz əksini tapacaq.


















