"Kobud pozuntularla bağlı 6 hakim tutduğu vəzifədən azad olunub"
Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən 50-yə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə 39 hakim barəsində intizam icraatlarına baxılaraq onlardan 6-sı tutduğu vəzifədən azad olunub, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, digərləri barəsində isə müxtəlif intizam tənbehi tədbirləri görülüb.
"ENA" xəbər verir ki, bu fikirlər ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-a təqdim etdiyi son 16 ildə məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması, yeni informasiya texnologiyalarının tətbiqi və digər mütərəqqi addımlar barədə məqaləsində yer alıb.
Nazir bildirib ki, cari ildə hakimliyə namizədlərin sənədlərinin qəbulu davamlı xarakter alaraq sənədlərini təqdim etmiş namizədlərlə qeyd olunan üsullarla test və yazılı imtahanlar keçirilib: "Hər iki mərhələdən uğur qazanmış 81 namizədlə hazırda Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilir. Növbəti test imtahanında uğur qazanmış 108 namizədlə isə bu ərəfədə yazılı imtahan keçirilib.
Şübhəsiz ki, hakim ştatlarının komplektləşdirilməsi məhkəmələrdə iş yükünün azalmasına, işlərə keyfiyyətlə baxılmasına xidmət edəcəkdir".
Bununla yanaşı, hakimlərin iş yükünün digər vasitələrlə azaldılması diqqətdə saxlanılaraq cari ildən qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar məhkəmə baxışının tezliyinin təmin olunması məqsədilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru təsbit olundu, iqtisadi işlər üzrə icraatın yalnız elektron qaydada - "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması və məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edildi, mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə asan həlli imkanı yaradılıb: "Fərmanın icrası çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiyanın respublikamızda tətbiqi ilə bağlı Avropa İttifaqı ilə birgə yeni layihənin icrasına başlanıldı, növbəti ildən tətbiq ediləcək "Mediasiya haqqında" Qanunun implementasiyası ilə əlaqədar nazirlik tərəfindən çoxsaylı normativ sənəd layihələri hazırlanaraq qəbul olundu. Həmçinin ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqi ilə bağlı Avropa İttifaqı ilə birgə "Biznes mühitinin inkişafı ilə əlaqədar normativ hüquqi bazanın dəstəklənməsi" layihəsi çərçivəsində yerli və beynəlxalq qanunvericilik təhlil olundu, qabaqcıl təcrübələr nəzərə alınmaqla yol xəritəsi hazırlandı.
Bundan əlavə, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin və digər neqativ halların aradan qaldırılması və s. məsələlər üzrə mühüm qanunvericilik və institusional tədbirlər həyata keçirildi, o cümlədən Fərmanla qarşıya qoyulmuş məsələlərin icrası məqsədilə Məhkəmə-Hüquq Şurasında "qaynar xətt" və monitorinq sektorları yaradıldı.
Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən Fərmandan sonrakı dövrdə 50-yə yaxın məhkəmədə monitorinqlər aparıldı, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırıldı, daha kobud pozuntularla bağlı isə 39 hakim barəsində intizam icraatlarına baxılaraq onlardan 6-sı tutduğu vəzifədən azad olundu, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi, digərləri barəsində isə müxtəlif intizam tənbehi tədbirləri görüldü".