Ələtdə yük hava limanının inşasının yekunlaşması vaxtı açıqlanıb

"Ələt" Azad İqtisadi Zonasında multimodal yük hava limanının inşası üzrə işlər 2027-ci ilin I rübündə başa çatacaq.
Bunu "Ələt" Azad İqtisadi Zonasının İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Şuşa şəhərində keçirilən 6-cı İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) biznes forumu çərçivəsində bildirib.
O qeyd edib ki, investorlarla multimodal yük hava limanının yaradılması barədə razılıq əldə olunub: “Bu layihənin həyata keçirilməsinə artıq başlanılıb və işin 2027-ci ilin birinci rübündə başa çatacağı gözlənilir. Hava limanının ötürücülük qabiliyyəti ildə 500 min ton yük təşkil edəcək və daha sonra ildə 2 milyon tona qədər artırılacaq. Əsas məqsəd isə investorların cəlb edilməsi və ixracın inkişafıdır”.
İ.Manafov əlavə edib ki, "Ələt" Azad İqtisadi Zonasında artıq 10 şirkət qeydiyyatdan keçib.
O, həmçinin qeyd edib ki, 2025-ci ildə iqtisadi zonada iki zavod açılacaq.
Xatırladaq ki, yük hava limanının ərazisi 750 hektardan çox olacaq.