İsmayıl Orucov: Azərbaycanın fındıq bağlarında geni dəyişdirilmiş sortlar yoxdur
Son illərdə dünyada 1 milyon ton fındıq məhsulu əldə edilib və bu sahədə bazarın 70 faizini Türkiyə formalaşdırır. “Ferrero”, “Nestle” və “Kraft Heinz” kimi şokolad istehsalçısı olan nəhəng firmalar artıq Türkiyədən idxalı artırmaqla yanaşı Azərbaycan kimi ölkələrdə fındıq istehsalına sərmayə qoymağa başlayıblar.
ENA.az “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri İsmayıl Orucovun müsahibəsini təqdim edir.
- İsmayıl müəllim, hələ 2017-ci ildə Azərbaycan fındıq ixracında dördüncü yerdə idi, indi göstəricilərimiz necədir?
- Hazırda fındıq məhsulu Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsulları içərisində ilk yerlərdən birini tutur və bu gün beynəlxalq fındıq bazarında Türkiyə və İtaliyadan sonra Azərbaycan 3-cü yerdədir. Son illərdə Azərbaycanda fındıq bağlarının sahəsi 75.000 hektara çatıb. Yaxın illərdə ölkəmizdə fındıq bağlarının ümumi sahəsinin 80 min hektara çatdırılması planlaşdırılır. Bu sahədə ölkəmizin ixrac potensialı böyükdür, ona görə də fındıqçılığın gəlirli bir sahə kimi qarşıdakı illərdə daha da önə keçəcəyini proqnozlaşdırmaq çətin deyil. Amma bu sahədə fermerlərin, istehsalçıların problemləri də az deyil.
- Dediniz ki, Azərbaycan artıq fındıq istehsalına görə üçüncüdür. Bəs, bizim fındığın tərkibi necə rəqabətə davamlıdırmı?
- Bəli, Azərbaycan fındığı şükürlər olsun ki, keyfiyyətini qoruyub saxlayıb. “Xaçmaz sortu” kimi köhnə ata-baba sortları qalıb və bizim bağlar geni dəyişdirilmiş sortlardan deyil. Azərbaycanda xüsusən Qəbələ, Balakən ərazisində böyük intensiv bağların olmaması, mövcud bağlara kimyəvi maddələrin vurulmaması, yalnız il ərzində azotdan istifadə edilməsi bizim fındığın keyfiyyətini yüksək səviyyədə saxlayır. Azərbaycanın ata-baba fındığı xüsusən çox yağlılığı ilə fərqlənir. Bu isə rəqabətdə bizə xüsusi üstünlüklər yaradır, nəticədə Avropanın qabaqcıl şirkətləri bizim fındığı şokolad və şokolad pastasında istifadə edir. Xaçmaz fındığı isə daha çox quru meyvə halında qablaşdırılaraq İspaniya, Çexiya, Yunanıstan, Almaniya kimi ölkələrə satılır.
- Maraqlıdır, Türkiyə fındıq ixracında dünya lideri, Azərbaycan isə dünya üçüncüsüdür, bəs dünya fındıq bazarı niyə Hamburq hesab edilir?
- Dünyada bir çox qida məhsulları ilə yanaşı fındığı da birjası Hamburqda yerləşdiyi üçün bazar ora hesab edilir.
- Məhsuldarlıqdan razısınızmı ümumiyyətlə, bu il bağlarda vəziyyət necədir?
- Bu il məhsuldarlıq az gözlənilir, dəqiq məlumat son statistikada bilinəcək. Məhsuldarlıqda ortalama 20-30%-ədək geriləmə ola bilər. Bunun da səbəbi aprel ayında havaların soyuq keçməsi, bəzi ərazilərdə ağacları don vurması ilə bağlıdır. Don ağacın üst qat budaqlarında soyuqdan çiçəklərin məhv olmasına gətirib çıxartmışdı. Bu da fermerlərin bu sahədə biliklərinin zəif olması ilə əlaqədardır, məsələn don olan gecələrdə tonqal qalamaqla donvurmanın qarşısını qismən almaq mümkündür. Təcrübədən deyə bilərəm ki, Türkiyədə tüstüləməklə donun qarşısını ala bilirlər.
- Fındıq emal müəssisəsində hansı proseslərdən keçir?
- İlk növbədə kənar cisimlərdən təmizlənir, çünki fındıq torpaqdan yığılır. Nəmlidirsə, unutmayaq ki bu standart 6 faizdən yuxarı olmamalıdır, hətta 7 faiz olsa belə, o qurudulur 6 faizə gətirilir. Sonrakı mərhələdə məhsul kalibrə edilir, öz ölçüsünə görə hərəsi öz yuvasına düşür. Sonra xüsusi dəyirmanda ləpənin zədələnməməsi şərtilə təmizlənir. Sonra həmin ləpə təkrar kalibrlənir, yəni 7-8, 9-11, 11-13, 13-15, 15-17 ölçülərində satış standartlarında seçilir. Sonda isə 10 kiloqramlıq vakuumdan 1 tonluq kisələrə qədər müxtəlif ölçülərdə qablaşdırılır.
- Bu il Azərbaycandan nə qədər fındıq ixracı gözləmək olar?
- İxrac mövsümü biz fındıqçılar üçün avqust-sentyabr aylarını əhatə edir, amma dövlət statistikasında dekabr-yanvar aylarında öz əksini tapır. Ötən il Azərbaycandan ortalama 20-22 min ton fındıq ixrac edilib. Bu il məhsuldarlığın 20-30 faiz aşağı olacağını nəzərə alsaq, düşünürəm ki, ixracımız 17-18 min ton olacaq. Hazırda il ərzində daxili bazarda 2 min tona yaxın məhsul realizə olunur və əfsuslar olsun ki, bütün daxili bazar kölgə iqtisadiyyatında çalışan həmən işbazların əlindədir, bütün alış-satış nağd şəkildə həyata keçirilir. Nəticədə dövlət büdcəsindən 2 min ton fındığın satışına görə 20 milyon manat dövriyyə vergidən yayındırılır.
- Azərbaycanda fındıqçılığın inkişafına mane olan, qarşılaşdığınız əsas çətinliklər hansılardır?
- Əsas çətinliklərimizdən biri fermerlərin fındıqçılıqla bağlı məlumatsız olmalarıdır. Yeni vergi qanunvericiliyində tətbiq olunan dəyişikliklərin tətbiqində, bağlarda xəstəliklərlə mübarizədə ciddi çatışmazlıqlar var. Azərbaycan fındığının standartının olmaması da bir ayrı mövzudur. Strateji yol xəritəsində göstərilib ki, bölgələrdə fermerləri maarifləndirmək məqsədilə inkubatorlar açılacaq. Buna çox ciddi ehtiyac var, çünki fermerlərin çalışdıqları sahələr üzrə bilikləri azdır. Xüsusən də vergilərlə bağlı məcəlləyə yeni dyişikliklər barədə fermerlərin məlumatlandırılmasına ciddi ehtiyac var.
- Vergi ilə bağlı hansı çətinliklər var?
- Məcəlləyə yeni əlavə və dəyişikliklərdən sonra fermerdən aldığımız məhsulların rəsmiləşdirilməsində ciddi problemlərlə üzləşirik. Fermerlərin çoxu rəsmi sənədə imza atmağa, şəxsiyyət vəsiqəsinin məlumatlarını həmin sənədə əlavə etməyə etiraz edirlər. İlk növbədə fermerlərin uçotu tam qaydasında deyil və sənədləşmədə problemlərlə qarşılaşırıq. Halbuki, vergi qanunvericiliyinə dəyişikliklər aparıldıqdan sonra mütləq qaydada fermerlə istehsal müəssisəsi arasında “istehsal ehtiyatlarının alış” aktı bağlanmalıdır. Akta fermerin şəxsiyyət vəsiqəsi, pin kodu daxil olunmalıdır, həmin məlumatlar olmasa akt etibarsız sayılır. Bu isə ona səbəb olur ki, fermerin əlində məhsul var, lakin biz onu sənədləşdirib ala bilmirirk. Bundan başqa, fermer fındıq təklif edir, amma istehsal müəssisəsi fiziki olaraq həmin satılan fındığın o fermerin özünə məxsus olub-olmadığını və ya alıb gətirib satdığını yoxlamaq iqtidarında deyil. Əgər fermer deyirsə ki, bəli mənim malımdır, biz razılaşmalı oluruq. Amma sonra vergi yoxlaması zamanı ortaya çıxanda ki, yox bu fermerin öz fındığı deyilmiş, ozü də kimdənsə alıb satır, bu halda istehsal müəssisəsi çətinliklə üzləşir. İstehsal müəssisələri ödəmə mənbəyindən vergi tutulmadığına görə yüksək məbləğdə vergi sanksiyaları ilə üzləşir. Özü də baxın ki, bunlar hamısı bir tərəflidir, məsələn, fermer vergidən azad olunub, bu qanunun işləmə mexanizmi yalnız düşür istehsal müəssisələrinin çiyninə. Fermer vergidən azaddır və ona heç bir təsir mexanizmi olmadığı üçün deyir ki, heç şəxsiyyət vəsiqəmi də vermirəm, biz də malı geri qaytarmağa məcbur oluruq. Bu halda məhsul bazara gedir və bazardan təkrar fırlanıb istehsalat müəssisəsinə gəlir. Bu isə həm fermerə, həm də istehsalat müəssisəsinə sərfəli deyil, üstəlik məhsulun maya dəyərinə, keyfiyyət parametrlərinə mənfi təsir edir. Assosiasiya vergi qanunvericiliyinə dəyişikliklə bağlı 13 təkliflə cənab nazir Mikayıl Cabbarova müraciət edib. Əfsuslar olsun ki, təkliflərimizdən heç biri nəzərə alınmadı. Hazırda fermerlərlə istehsalat müəssisələri arasındakı həmin mexanizm şəffaf işləmir, nəticədə kölgə iqtisadiyyatına qarşı mübarizənin əksinə, kölgə iqtisadiyyatının artmasına gətirib çıxarır.
Azərbaycanda 60 mindən çox ailə təsərrüfatı var, təsəvvür edin ki, 60 min insan geci-tezi öz məhsullarını fabriklərə gətirirlər. Həmin vaxt qanunun tələblərini onlara başa salmaq çox çətindir.
- Azərbaycan fındığı niyə daha çox xammal şəklində satır, onun qablaşdırılaraq ixrac edilməsi imkanları yoxdurmu?
- Qabaqcıl üç xammal ixracatçısı Türkiyə, Azərbaycan və Gürcüstandır. Yəni, İtaliya 2-ci yerdə olsa da, o son məhsul ixracatçısıdır. Başqa sözlə, İtaliya daha çox fındıq idxalçısıdır. Əvvəllər Türkiyənin ixrac etdiyi fındığın son məhsul halında forması idxalda bütün vergilərdən tam azad idi. Amma Avropa fermerləri buna etiraz etdilər və 1995-ci ildə Türkiyənin çiy fındığına vergi tətbiq etdilər, amma son məhsullar “0” tariflə ixrac olunur, Avropada idxal olunur. Gürcüstan isə “Assosiation Agrement”ə qoşulub, 2014-cü ildə bir illik test etdilər və uğurlu alındı. 2015-ci ildən gürcülər “Assosiation Agrement” çərçivəsində xam fındığı “0” vergi tarifi ilə ixrac edirlər. Amma əfsuslar olsun ki, Azərbaycan xam məhsulu 3,2% vergi tarifi ilə ixrac edir, qeyd edim ki, bu Türkiyənin “vergi yükü” ilə eynidir. Daha pisi odur ki, Azərbaycanın fındıqçılıqda son məhsuluna isə 11.2 % vergi tətbiq olunur, ona görə də bizim son məhsulumuz rəqabət qabiliyyətli deyil və biz yalnız xam məhsul ixrac etməyə məcburuq.
- Müstəqil Dövlət Birliyinə daxil olan ölkələrin bazarları necə fındığın sol məhsul formasında alışında maraqlı deyilmi?
- Bizim üçün ən yaxın və böyük bazar Rusiyadır və burada çiy fındığın idxalına hazırda 20% ƏDV tətbiq edilir. Qablaşmış halda isə gömrük tarifi tətbiq olunur, ona görə də fındığı xammal şəklində satmaq daha sərfəlidir. Dövlətimiz sağ olsun, sahibkarlığa dəstək olaraq, ixracı təşviq edir. Hal-hazırda cənab prezidentin fərmanı ilə xammal halında fındığa görə 3%, emal olunmuş fındığa 6% təşviq verilir. İndi Rusiyaya həm qovrulmuş, doğranmış fındıq, həm də fındıq ununun ixracının artmasını görürük. Hesab edirəm ki, buna bir az da zaman lazımdır, bir müddətdən sonra Rusiya bazarına fındığın qablaşmış formada satışı yüksələcək. İxracla bağlı xüsusi vurğulamaq istərdim ki, gömrük məntəqələrində yaradılan şəraitdən çox məmnunuq. Səmimi deyirəm ki, Azərbaycanda gömrüyün belə çalışdığını desələr inanmazdım, amma bu reallıqdır, gömrük sistemində fundamental dəyişikliklər aparılıb.
- İsmayıl müəllim, xaricə ixracla bağlı mövzunun davamı olaraq, bəzən Azərbaycandan gedən hansısa fındıq partiyasının tərkibinə görə geri qaytarılması xəbərini də eşidirik. Buna səbəb nədir?
- Ölkə daxilində fermerlər tərəfindən saxlama qaydalarına düzgün riayət etməməsi nəticəsində bəzi hallarda aflotoksin artması geri qayıtmalara səbəb olur. Təsəvvür edin ki, ildə Azərbaycanda ortalama 1500-2000 ton arası yalnız çürük fındıq çıxır. Fındığın ixrac qiyməti 30-20 qəpikdir, bunu valyutaya çevirəndə 2000 ton ortalama 10 milyon dollar deməkdir. Yəni 10 milyon dollarlıq fındığı biz düzgün saxlama şəraiti ucbatından 300-500 min manata satırıq. Yəni bu birbaşa fermerin iqtisadi vəziyyətinə təsir edir. Fikir versəniz, fındığın standart qiyməti yoxdur, çünki məhsulun qiymətini keyfiyyəti diktə edir. Məsələn, Xaçmaz fındığının kiloqramı bugün 4 manat 50 qəpikdən 5 manata kimi, Zaqatalada 3 manat 20 qəpikdən 3 manat 50 qəpiyə kimi dəyişir. Yəni bu o deməkdir ki, hər bir fındığın keyfiyyətinə görə öz qiyməti var. Bu həm də fındığın yaxşı qurudulmasından asılıdır. Yenə maarifləndirməyə qayıdırıq, fermerlər bilməlidirlər ki, malı qurudanda qiyməti qalxır. Amma azərbaycanlı fermerlərin əksəriyyəti sadəcə düşünür ki, mən malı yaş satdım sulu-sulu daha çox pul qazandım, amma əksinə qurudulmuş fındığın çəkisi azalsa da qiyməti daha çox bahalaşır. Bundan başqa, vacib məqam olaraq vurğulamaq istərdim ki, Azərbaycanda fındığın qablaşdırılmasında polipropolin kisələrdən istifadə olunur amma dünya təcrübəsində cod kisələrdən istifadə edirlər. Həmin kisələri biz Banqladeşdən idxal edirik və bu da çox böyük xərclər aparır. Kisənin kiloqramı 3 manat 50 qəpik 4 manata çıxır, amma polipropolin kisə 20-25 qəpikdir. Fermerlər məcbur polipropolinə keçir, bu da fındığın nəmlənməsinə səbəb olur.
- Çətinliklər arasında xəstəliklə mübarizəni də vurğuladınız. Azərbaycanın fındıq bağlarında daha çox hansı xəstəliklərə rast gəlirsiniz?
- Son iki ildir, “unlu şeh” xəstəliyinin yayılmasının şahidi oluruq. Bu xüsusən də Gürcüstanda yayılmışdı, bizim monitorinqlər nəticəsində artıq Azərbaycana gəlib çatdığını aşkar etdik. Xüsusən də Gürcüstanda geniş yayılan “Mərmər bağacıq” xəstəliyi artq Azərbaycanın şimal-qərbindəki fındıq bağlarındakı ağaclara ziyan verməyə başlayıb. Amma populyasiyası hələ ki geniş deyil və ümid edirik ki, bu qış sərt keçər, inkişafı dayanar. Yenə də hazırlıqlı olmaq lazımdır, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası Amerikanın USAID təşkilatının xətti ilə aldığı qrant hesabına Zaqatalada “Aqrar Mərkəz” açıb. “Aqrar Mərkəz”i texniki cəhətdən gücləndirmişik və xəstəliyin kəskin artmasına qarşı dərhal mübarizə aparmaq üçün dərmançiləyən aqreqatlar almışıq.
"Biznes Həyatı" jurnalı