MALİYYƏ

Dövlət daxili bazardan proqnozdan 2 dəfə çox borc götürüb

Azərbaycan dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsində xarici borclanmanı azaldıb, daxili borclanmanı artırıb.

"ENA" xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyindən məlum olur.

Daxili borclanmadan (ölkə daxilində qiymətli kağızların (dövlət istiqrazlarının) yerləşdirilməsindən) daxilolmalar hesabına 2020-ci il dövlət büdcəsi kəsirinin 100 milyon manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə 2018-ci ildə daxili və xarici borclanmadan daxilolmalar hesabına 222,6 milyon  manat yönəldilmiş, 2019-cu ilin 8 ayı üzrə müvafiq daxilolmalar üzrə 106,4 milyon manat məbləğində proqnoza qarşı 218 milyon manat, yəni 111,6 milyon manat və ya 2 dəfə çox təşkil etmişdir ki, bu daxili borclanmadan, ölkə daxilində qiymətli kağızların (istiqrazların) yerləşdirilməsindən olmuşdur.  

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilmiş məlumat əsasən, 2019-cu ildə nəzərdə tutulduğu kimi, növbəti ildə də xaricdən cəlb edilmiş kreditlərin (951 milyon manat) dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur.

2019-cu ilin 8 ayı ərzində xaricdən cəlb edilmiş kreditlər hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına 1 milyard 34,3 milyon manat məbləğində proqnoza qarşı 334,7 milyon manat, yəni 699,7 milyon manat və ya 3,1 dəfə az vəsait yönəldilmişdir.

Dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı 2020-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həmin ilin dövlət büdcəsi kəsirinin 1 milyard 666,2 milyon manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur ki, bu mənbədən 2019-cu ilin 8 ayının yekunları üzrə büdcə kəsirinin maliyyələşdirilməsi həyata keçirilməmişdir. Dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı 01.01.2017-ci il tarixə 2 milyard 307,2  milyon manat, 01.01.2018-ci il tarixə 1 milyard 644,6 milyon manat, 01.01.2019-cu il tarixə 872,4 milyon manat, 31.08.2019-cu il tarixə 1 milyard 516,9 milyon  manat təşkil etmişdir.   

 

DÖVLƏTİN DAXİLİ BORCU ARTIB

2019-cu ilin 1 iyul tarixinə dövlətin daxili borcu 1 milyard 346,1 milyon manat təşkil etmişdir ki, bu da cari ilin əvvəli ilə müqayisədə 25,89 milyon manat və ya 2,0% çoxdur. Qeyd etmək lazımdır ki, daxili dövlət borcu dövlət istiqrazlarından (xüsusi çəkisi 86,0%), dövlət büdcəsindən xidmət edilən məqsədli dövlət istiqrazlarından (xüsusi çəkisi 2,0%) və daxili dövlət borcu sayılan şərti öhdəliklərdən (xüsusi çəkisi 12,0%) formalaşdırılmışdır.

Təqdim olunmuş məlumatlara əsasən Maliyyə Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 334,9 milyon manat təşkil etmişdir. Yerləşdirilmiş istiqrazlar üzrə dövlət büdcəsinə 324,8 milyon manat daxil olmuşdur ki, bundan da əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 222,3 milyon manat (əsas borc) geri ödənilmişdir. Beləliklə 01.07.2019-cu il tarixə büdcə kəsirinin maliyyələşdirilməsinə daxili borclanma üzrə 102,5 milyon manat vəsait yönəldilmişdir. Dövlət büdcəsi kəsirinin mənbələr üzrə maliyyələşdirilməsi barədə Maliyyə Nazirliyinin 2019-cu ilin 8 aylıq məlumatına əsasən bu mənbə üzrə kəsirin bağlanmasına 218 milyon manat yönəldilmişdir.

Son nəticədə 01.07.2019-cu il tarixə dövlət istiqrazları üzrə borcun ümumi məbləği 1 milyard 291,8 milyon manat (o cümlədən 134,5 milyon manat faiz borcu) təşkil etmişdir. 2019-cu ilin 6 ayı ərzində geri qaytarılmış istiqrazlar üzrə ödənilmiş faiz və diskont məbləği isə 45,1 milyon manat təşkil etmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)