MALİYYƏ

Mərkəzi Bankın yeni sədri  Şahmar Mövsümov olacaq?   

Azərbaycanın maliyyə strukturunda ciddi dəyişikliklər baş verəcək. Mərkəzi Bankın sədri Elman Rüstəmovun istefa verməsi xəbəri yəqin ki, sabah təsdiqlənəcək. Onun yerinə kimin gələcəyi də artıq məlumdur. Bundan başqa, maliyyə sektorunda çoxdandır gözlənən birləşmələr baş verəcək və Mərkəzi Bankdan vaxtilə alınan funksiyalar yenidən ona veriləcək.

ENA.az-ın bir neçə mənbədən təsdiqlədiyi xəbərə görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov istefa verib. Onun yerinə namizəd kimi Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun namizədliyi irəli sürülüb. Yekun olaraq, Şahmar Mövsümovun üzərində dayanıblar. Xatırladaq ki, Şahmar Mövsümov Elman Rüstəmovun qiymətli kadrlarından biri hesab edilir və digər kadr Rüfət Aslanlıdan fərqli olaraq, baş bankirlə müsbət münasibətlərini qoruyub saxlayır.

Eləcə də bax: Mərkəzi Banka birləşdirilməsi gözlənilən qurumların adları bunlardlr

Şahmar Mövsümov 1995 - 2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb. 2005 - 2006-cı illərdə isə Mərkəzi Bankın Baş direktoru vəzifəsində işləyib. 

İqtisadçıdır, 1990 - 1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib. 2003 - 2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)