Plastik pullar dövrü başlayır: 20 funt-sterlinq çap olunacaq
İngiltərə Bankının (Mərkəzi Bank) sədri Mark Karni rəhbərlik etdiyi qurumun yeni, polimer materialdan hazırlanmış 20 funt-sterlinqlik banknotunu təqdim edib.
Üzərində britaniyalı rəssam Uilyam Terenerin şəkli olan yeni əskinas 2020-ci ilin fevral ayından tədavülə buraxılacaq. 2021-ci ildə isə 50 funt-sterlinqlik polimer banknotların tədavülə buraxılması planlaşdırılır. Onun üzərində isə britaniyalı riyaziyyatçı Alan Tyurinqin şəkli olacaq.
Yeni pullar ən müasir mühafizə elementləri ilə təchiz edilib və bu baxımdan hazırda tədavüldə olan analoqlarını üstələyir. Bundan başqa, polimer əskinaslar kağız əskinaslardan 2,5 dəfə daha çox istifadə edilə bilər və ətraf mühitə daha az ziyan vurur. Kağızdan hazırlanmış 20 funt-sterlinqlik əskinasların isə tədricən tədavüldən çıxarılması nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl İngiltərənin tənzimləyici qurumu 5 və 10 funt-sterlinqlik polimer pulları dövriyyəyə buraxıb. 5 və 10 funtların tərkibi İngiltərədə böyük səs-küyə səbəb oldu. Ət yeməyənlər, yəni veqanlar və bəzi dini qurumlar Mərkəzi Bankı plastik pullar çap etməməyə çağırdılar. Çünki banknotların tərkibində ət məhsullarından götürülmüş bərk yağlar vardı. Mərkəzi Bankın məlumatına görə, bu yağların həcmi 0,05%-i keçmir.