Dövlət borcunun 68 faizi daxili borclardır. Bu yaxşıdır, yoxsa pis?

Azərbaycanın dövlət borclarında xaricdən alınmış vəsaitlərin həcmi 32 faizə düşüb. ENA.az xəbər verir ki, beləliklə ümumi borclanmanın 68 faizi daxili bazardan götürülmüş vəsaitlərdir.
Ümumi dövlət borcunun həcminə gəldikdə, 2025-ci il yanvarın 1-nə dövlət borcunun həcmi 27,5 milyard manatdır. Bunun 18 milyard 659,7 milyon manatı daxili borcdur. Halbuki, 2019-cu ildə xarici borc 15,5 milyard manat, daxili borc isə cəmi 1,4 milyard manat təşkil edirdi.
Beləliklə, borclanma sə və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat məbləğində olan ÜDM-in 14,8 faizini təşkil edib.
Aşağıdakı qrafikdən göründüyü kimi, xarici və daxili borclanmanın strukturunda inqilabi yerdəyişmə olub. 2023-cü ildən başlayaraq daxili borclanma xarici borclanmanın həcmini ötüb. İlk növbədə bu proses ölkədə olan əlavə pul kütləsinin (izafi likvidlik-red) yığılması ilə manatın bahalaşmasına səbəb oldu.
Bu qrafikdən göründüyü kimi, ümumi dövlət borcunda xaricdən alınan kreditlərin həcmi 5 il əvvəl 92% təşkil etdiyi halda, hazırda 32% təşkil edir. Borcun həcmində isə 7 milyard manata yaxın azalma baş verib.
Hansı daha yaxşıdır: daha çox xarici və ya daxili borcun olması?
Bu sualın cavabı ölkənin özünəxas strategiyasından və iqtisadi prioritetlərindən asılıdır.
Xarici borc xarici kapitala və xarici valyutaya çıxışı təmin edə bilər ki, bu da onu irimiqyaslı infrastruktur layihələrinin və ya iqtisadi inkişafa investisiyaların maliyyələşdirilməsi üçün ideal seçim edir.
Bununla belə, bu, həm də ölkəni valyuta məzənnəsi risklərinə və xarici bazar dəyişkənliyinə məruz qoyur ki, bu da qlobal maliyyə böhranları və ya valyuta dəyişmələri zamanı əhəmiyyətli yükə çevrilə bilər.
Daxili borc - yerli investorlar və institutlar kimi daxili resurslardan qaynaqlanır ki, bu da iqtisadi sabitliyi gücləndirir və xarici şoklara həssaslığı azaldır.
Bununla belə, o, sürətli inkişaf üçün kritik ola biləcək böyük kapital axınına çıxışı məhdudlaşdıra bilər və həddindən artıq daxili borclanma ölkədə likvidliyə təzyiq yarada bilər. Yerigəlmişkən, bu tendensiya bir müddət maliyyə sektorunda hiss olundu.
Qeyd edək ki, beynəlxalq kredit reytinq agentliyi olan "Fitch Ratings"in açıqlamasına görə, Azərbaycan hökuməti dövlət borcunun yuxarı həddini ÜDM-in 30 %-nə qədər artırıb (əvvəllər 20 %). Bu qayda nəzarət və büdcə məqsədlərinin müəyyən edilməsi baxımından məhdud praktikaya və zəif institusional çərçivəyə malikdir.
"Hökumət “Aqrarkredit”dən ÜDM-in daxili zəmanətli borcunun 8 %-ni üzərinə götürdükdən sonra 2023-cü ildə ölkənin dövlət borcu ÜDM-in 21,8 %-nə yüksəlib. “Fitch” 2024-25-ci illərdə borcun ÜDM-in orta hesabla 21,6 %-ni təşkil edəcəyini proqnozlaşdırır ki, bu da “BB” ölkə kateqoriyasında ən aşağı göstəricidir. Xarici dövlət zəmanətləri və borclanma 2023-cü ildə 6 milyard ABŞ dollarına (ÜDM-in 8,2 %-i) düşüb, bunun böyük hissəsi mənfəətli olan və dövlət dəstəyini tələb etməyən Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır"- Fitch əlavə edib.