Azərbaycanda yeni viza növü tətbiq ediləcək
Azərbaycan hökuməti yeni viza növünün - “Start-up VISA”ın tətbiqinə hazırlaşır.
ENA.az xəbər verir ki, artıq bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Dövlət Miqrasiya Xidməti (DMX) arasında müzakirələr aparılır.
DMX-nin rəisi Vüsal Hüseynov "Report"a açıqlamasında xəbəri təsdiq edib: “Bizə müvafiq təklif daxil olub. Burada qanunvericiliklə bağlı bəzi məsələlər var, hazırda üzərində işləyirik".
NRYTN yanında İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli isə "Report"a bildirib ki, hazırda rəhbərlik etdiyi qurum bu istiqamətdə iş aparır: “Azərbaycanda startapların dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq bir sıra dövlət müəssisələri, o cümlədən NRYTN yanında İnnovasiyalar Agentliyi publik hüuqui şəxsi yaradılıb. Agentliyin məqsədi yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərmək və onların transferini təşkil etmək, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri (o cümlədən startapları) təşviq etmək, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirmək, innovasiya təşəbbüskarlığını təbliğ etməkdir”.
Onun sözlərinə görə, Agentlik makroiqtisadi miqyasda ölkədə yeni iş yerləri açacaq, yeni dəyər və məhsul yaradacaq yerli sahibkarlarla yanaşı əcnəbi sərmayəçiləri də Azərbaycana yatırıma təşviq edib onlarla iş aparır: “Belə ki, xaricdən gələcək yeni istedadların, sahibkarların ölkənin ekosisteminə daxil olmağın sadələşdirilmiş prosesini təmin etmək məqsədi ilə, dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycana gəlməsinə və Azərbaycandan getməsinə, orada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verəcək rəsmi sənəd – "Start-up Visa" – layihəsinin üzərində işlər aparılır. Odur ki, süni intellekt, blokçeyn texnologiyaları, əşyaların interneti, maliyyə texnologiyaları, startaplar və s. bu kimi innovativ sahələrdə bir startapınız varsa və yaxud da buna hazırlaşırsınızsa, Azərbaycanda işinizə davam etmək şansınız yüksəkdir".
Xatırladaq ki, bir sıra ölkələrdə - Latviya, Litva, Estonia, Fransa, Danimarka, Irlandiya, Italiya, Isveç, Niderland, Çilidə bu cür vizalardan istifadə olunmaqdadır. 2014-cü ildə açılmış İtaliyanın “Startap Visa”sına 2019-cu ilin I rübünün sonuna qədər 434 müraciət edilib, onlardan 230 müraciət təsdiqlənib. Estoniyada isə “Start-up Visa” 2017-ci ildən açılıb və ilk 6 ayda artıq 400 belə viza müraciət edilib. Onlardan 113 müəssisənin müraciəti təsdiqlənib. Litvada da “Start-up Visa” 2017-ci ildən açılıb. 2018-ci ildə bu viza üçün 178 xarici şirkət müraciət edib ki, bu da 2017-ci il ilə müqayisədə 41% daha çoxdur.