MALİYYƏ

Kreditlərin hansı hissəsi əhalinin əmanətləri hesabına formalaşır: bu yaxşıdır, yoxsa pis?

Kreditlərin baha olmasının səbəblərindən biri kimi bankların əhalidən götürdükləri əmanətləri baha alması əsas gətirilir. Əlbəttə ki, bu məsələdə reallıq böyükdür, amma onu da nəzərə alaq ki, kreditlər tam olaraq depozitlərdən formalaşmır və kreditlərin qiymətlərində oturan amillər çoxdur. ENA.az olaraq, kredit faizlərini formalaşdıran bu amillərə ayrıca toxunacağıq. Əvvəlcə baxaq ki, Azərbaycan banklarının kredit portfellərinin neçə faizi əmanətlərin hesabına formalaşır və bu göstərici normal standartlara uyğun gəlirmi?

O da məlumdur ki, kreditlər əsasən müddətli əmanətlər hesabına formalaşır, çünki tələbli əmanətlər zamanı müştəri istədiyi vaxt vəsaitini bankdan geri çəkə bilər, bu isə bankın həmin vəsaiti alıb-satmasında böyük risk yaradır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı son statistika iyul ayı üzrədir və həmin sttaistikaya görə, Azərbaycan banklarının xalis kredit portfeli 11 milyard 872 milyon manat təşkil edir. Hüquqi və fiziki şəxslərin müddətli depozitlərinin həcmi isə 7 milyard 868 milyon manatdır. Bu isə o deməkdir ki,  kredit portfelinin 66 faizi müddətli əmanətlər hesabına formalaşa bilər və ya formalaşır. Hazırda Azərbaycan banklarında fiziki şəxslərin müddətli depozitlərinin həcmi 5 milyard 357 milyon manatdır. Bu halda isə kredit portfelinin 45%-i əmanətlərdən ibarətdir.

Bəs, bu yaxşıdırmı? Dünya praktikasında kredit portfelinin əmanətlərdən yaranması 78%-dək normal göstərici hesab edilir. Bundan yuxarı olanda isə kredit portfelinin aqresiv kredit siyasəti əsasında formalaşdığı bildirilir. Yəni, banklar kredit portfelini yalnız fikizi şəxslərin depozitləri hesabına formalaşdırır və bu yaxşı hal deyil, çünki bankı daimi olaraq gərginlikdə saxlayır. Eyni zamanda depozit portfelinin kreditlərdəki payının 40 faizdən aşağı düşməsi də bank sektoru üçün arzuolunan hal deyil və onun dayanıqlığının zəifliyini göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)