Sənaye

BP və SOCAR “Qarabağ” layihəsi ilə bağlı şərtləri razılaşdırır

BP və Dövlət Neft Şirkəti (SOCAR) Böyük Britaniya şirkətinin “Qarabağ” neft yatağının işlənilməsi layihəsinə daxil olmasının məsələsi üzərində işləyirlər .

Bunu jurnalistlərə açıqlamasında “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə. BP şirkəti “Qarabaĝ” layihəsinə qoşulmaq niyyətindədir.

“Biz “Qarabağ” layihəsinə qoşulmaq istəyirik. Bununla bağlı niyyətimizi bildirmişik. Bununla bağlı çoxlu sayda texniki, kommersiya şərtləri var. Bunların hər biri razılaşdırmalı, sənəd hazırlanmalıdır ki, biz imzalıyaq və qoşulaq. Hələki SOCAR ilə işləyirik, – Tamam Bayatlı qeyd edib.

Xatırladaq ki, ötən ilin sentyabrında BP və SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu (AM) imzalanıb. Birinci blok “Qarabağ” neft yatağıdır, ikincisi isə Əşrəfi – Dan Ulduzu – Aypara (ADUA) sahəsidir.

Qeyd edək ki, memorandum üzrə birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən “Qarabağ” neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100% iştirak payına malikdir.

İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi – Dan Ulduzu – Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100%-nə malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)