Hökumət böhrandan hansı dərsləri alıb?
Azərbaycan artıq bütün valyuta gəlirlərindən istifadə etmir, Mərkəzi Bankın sədri Elman Rüstəmov deyir.
"Bizim böhrandan çıxardığımız əsas dərslərdən biri ondan ibarət oldu ki, Azərbaycanda əldə olunmuş bütün valyuta gəlirlərindən istifadə olunmur", cənab Rüstəmov bildirib.
Ölkənin manatın məzənnəsi ilə bağlı bir neçə il əvvəl üzləşdiyi böhrandan sonra Azərbaycan gələcəkdə neftin qiymətinin düşəcəyi şəraitdə istifadə etmək üçün "bufer ehtiyatları" yaradır, Elman Rüstəmov çərşənbə axşamı Bakıda jurnalistlərə deyib.
Onun qənaətincə, neftin qiymətinin manatla əlaqəsi "dolayıdır". O eyni zamanda neftin qiymətinin hazırda sabit və və yüksək olduğunu xatırladıb.
Manat ucuzlaşa bilərmi?
O, manatın məzənnəsinin yaxın vaxtlarda dəyişib-dəyişməyəcəyinə münasibətini açıqlayarkən bildirib ki, dəqiq proqnoz deyə bilməz: "amma həm daxili, həm də xarici şərait göstərir ki, daxili valyuta bazarında makroiqtisadi sabitlik var".
O buna səbəb kimi, neftin qiymətinin yüksək olmasını göstərib.
"Valyuta mövqeyimiz çox güclüdür və çox güclü valyuta ehtiyaclarımız var. ÜDM-nin də artımı dayanıqlıdır. Bütövlükdə bu məsələ makroiqtisadi sabitlikdən asılı olacaq, amma dediyim kimi, bu sahədə sabitlik var", cənab Rüstəmov deyib.
Bu günə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5,537 milyard. dollardır.
Cənab Rüstəmovun sözlərinə görə, bu da ilin əvvəli ilə müqaysədə 203 milyon dollar çoxdur.
"Bu, çox da böyük artım deyil. Bu o deməkdir ki, Mərkəzi Bank valyuta bazarına müdaxilə etmir. Bunun 75 milyon dollarını öz valyuta ehtiyatlarımızın idarə olunmasından əldə etmişik".
Banklar kredit faizini niyə aşağı salmır?
Elman Rüstəmov deyir ki, kreditin faiz dərəcəsi təkcə uçot dərəcəsindən asılı deyil.
"Burada bir çox mürəkkəb məsələlər var. Bu gün bank sektorunda çox əhəmiyyətli dərəcədə struktur profiti deyirlər, yəni, vəsait var, onu yerləşdirmək istəyirlər, bu, o deməkdir ki, bu gün çox böyük təklif var. Bu, kredit faizlərinin azalmasına gətirib çıxarmalı idi".
Ancaq onun fikrincə, digər risklər, bank sektorunun özündə olan zəifliklər imkan vermir ki, bu gün kredit faizləri aşağı salınsın".
Baş bankir qeyd edib ki, kreditlərdə faiz dərəcələrinin aşıağı salınması üçün Mərkəzi Bank və müvafiq qurumlar müəyyən işlər görürülər.
"Bu, bizim diqqət mərkəzimizdədir. Biz çalışacağıq yaxın gələcəkdə bütövlükdə kredit siyasəti, o cümlədən bank siyasətini, kredit faizlərinə transmissiya effektini artıraq, yəni, ona təsir imkanlarımızı, onun idarə olunması imkanlarımızı genişləndirək. Bu, böyük islahat tələb edir. Bizim islahat gündəliyimiz var və başlıca diqqətimiz buradır", Elman Rüstəmov deyib.
İnflyasiya nə qədərdir?
Mərkəzi Baknın sədrinin jurnalistlərə verdiyi məlumata görə, Azərbaycanda inflyasiya dərəcəsi bu ilin ilk 9 ayında 2,6 faiz olub. "Bu, Mərkəzi Bankın cari hədəf dəhlizindən 6-8 faiz aşağıdır", cənab Rüstəmov əlavə edib.
Onun sözlərinə görə, Mərkəzi Bank inflyasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşır. Hazırlıq işlərindən sonra isə Mərkəzi Bank həm kredit, həm də depozit faizlərinə təsir göstərə biləcək.
Elman Rüstəmov bank sektorunda zəifliklərin olduğunu və onların aradan qaldırılması üçün Mərkəzi Bank və müvafiq qurumlar arasında ciddi iş getdiyini deyib.
Mərkəzi Bank sədri deyib ki, pul kütləsinin bir qədər artımı onların hədəfi çərçivəsindədir və "bu günlərdə inflyasiya və məzənnə üçün, valyuta bazarı üçün hər hansı bir təhlükə törətmir".
Mərkəzi Bank son 3 ayda inflyasiyada azalma müşahidə edib. "Son makroiqtisadi proqnozlar 2018-ci ilin sonuna 3-4 faiz səviyyəsində qərarlaşacağını göstərir", Mərkəzi Bank hesab edir.
Nikbinliyə əsas varmı?
Yeni büdcə qaydalarının tətbiqi və orta müddətli xərclər strategiyasının tətbiqi Mərkəzi Banka gələcəyə "optimist baxmağa imkan verir", baş bankir deyir.
"İnanıram ki, AMB və Maliyyə Nazirliyi birgə fəaliyyət göstərərək, orta müddətli dövrdə makroiqtisadi sabitliyi qorumaq üçün lazımi addımları atacaq".
Cənab Rüstəmov qeyd edib ki, 2019-cu ildə də makroiqtisadi sabitliyin qorunub saxlanılması və onun dayanıqlığının təmin olunması da əsas məsələlərdən biridir və bunun üçün bütün makroiqtisadi əsaslar var.
Mərkəzi Bank uçot dərəcəsinin 10 faizdən 9,75 faizə endirib.
Elman Rüstəmov bildirib ki, daxili valyuta bazarında tarazlıq qorunub və Azərbaycanın "strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb".