MALİYYƏ

Büdcə gəlirlərinin və xərclərinin artımında - REKORD

2018-ci il üzrə dövlət büdcəsinin proqnozlaşdırılması prosesində ÜDM-in real ifadədə artımı 1,5%, hesabat ilinin 9 ayının yekunlarına görə, ilin sonuna gözlənilən real artım tempinin 2% səviyyəsində olacağı nəzərdə tutulub.

ENA” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində bildirilir.

Sənəddə həmçinin deyilir ki, ilin sonunda əlavə dəyərin real artımı 1,4% təşkil edib ki, bu da gözlənilən artımdan 0,6 faiz bəndi azdır. Fərq, əsasən, qeyri-neft ÜDM-dən irəli gəlib. Hesabat ilində ÜDM-in real artımı, əsasən, qeyri-neft sektorunun hesabına təmin olunub.

Hesabat ilində dövlət büdcəsinin gəlirlərinin üzrə müəyyən edilmiş proqnoz məbləği artıqlaması ilə icra edilib, əvvəlki ilə nisbətən dövlət büdcəsi gəlirlərinin artım tempi son 7 ildə ən böyük göstərici olub və 2018-ci ildə gəlirlərin ÜDM-ə nisbət göstərici müsbət dinamikaya malik olub.

Eləcə də bax: Azərbaycanın maliyyə bazarı iştirakçıları kollektiv saziş imzalayacaq

 

2018-ci ilin dövlət büdcəsinin gəlirləri üzrə ilkin proqnoz 20 127 milyon manat nəzərdə tutulmuş, il ərzində dövlət büdcəsinə yenidən baxılaraq bu rəqəm 22 149 milyon manata qədər yüksəldilib. Ötən il üzrə faktiki icra 22 508,9milyon manat olub. Hesabat ilində faktiki icra proqnozla müqayisədə 1,6%, 2017-ci illə müqayisədə isə 36,3% çox olub. Qeyd edək ki, dövlət büdcəsinin gəlirlərinin əvvəlki ilə nisbətən artımı 2011-ci ilin 37,7%-lik göstəricisindən sonra son 7 ilin ən böyük artımıdır.

Dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə (79 797,3 milyon manat) nisbəti 2017-ci ilin analoji göstəricisi ilə müqayisədə 4,7 faiz bəndi artaraq 28,2% təşkil edib.

Hesabat ilində dövlət büdcəsinin xərcləri müəyyən edilmiş proqnozla müqayisədə 98,4% səviyyəsində olmaqla əvvəlki illə müqayisədə son 7 ilin ən böyük artımı ilə icra edilib.

Ötən il üzrə büdcə xərcləri ilkin olaraq 20 905,7 milyon manat məbləğində proqnozlaşdırılıb, il ərzindən dövlət büdcəsinə yenidən baxılaraq xərclər 23 100 milyon manat müəyyən edilib, 22 731,6 milyon manat və yaxud 98,4% səviyyəsində icra edilib. İcra olunmuş məbləğ 2017-ci illə müqayisədə 29,2% çoxdur. Qeyd edək ki, dövlət büdcəsinin xərclərinin əvvəlki ilə nisbətən artımı son 7 ildə ən böyük artım tempi hesab edilir və sonuncu dəfə daha böyük artım 2011-ci ildə 30,9% müşahidə edilib. Hesabat dövrü üzrə dövlət büdcəsinin xərclərinin ÜDM-ə nisbəti 28,5% təşkil edib ki, bu da 2017-ci ilin müvafiq göstəricindən 5 faiz bəndi çoxdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)