Bank

İşləməyən reyestr: Banklar o şərtlərlə kredit verməyəcək

İqtisadiyyata kredit qoyuluşlarının azalması problemi davam edir, əvvəllər banklar əllərindəki vəsaitin 70 faizini kreditə yönəldirdilərsə, indi bu rəqəm 30%-i keçmir.

Bank sektoru real müştəri olmadığından, sahibkarlar isə bank faizlərinin yüksək və şərtlərin ağır olduğunu deyirlər.

 

Daşınar əmlakın “yükünü” heç bir bank üzərinə götürmür

""-nin analitik qrupunun təhlilinə görə, qarşıdakı illərdə real sektor, yəni iqtisadiyyat inkişaf etməsə, nəticə etibarilə bank sistemi müştəri qıtlığı və dövriyyə problemi ilə üzləşəcək və nəticədə daha böyük böhran yaranacaq.

Bunu görən hökumət və müvafiq icra strukturları fəaliyyətə başlasalar da, işlər sona qədər yekunlaşdırılmır. Məsələn, sahibkarlığa kredit verilişlərini asanlaşdırmaq məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 24 may tarixli 1420 nömrəli Fərmanında nəzərdə tutulmuş daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradıldığını elan etdi. Reyestrin təqdimatı keçirildi və şərtlər tam olaraq açıqlandı.

Lakin hələ də həmin reyestr işləmir. Konkret tarixlərə nəzərə salsaq, “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri” 15 mart 2018-ci ildən rəsmən fəaliyyət göstərsə də, hazırda heç bir bankda bu tətbiq edilmir.

Xatırladaq ki, sahibkarların daşınar əmlakı dedikdə bu əmlaka məişət əşyalarını, telefonunu, saatını və.s bu kimi daşınar əmlakları aid edilir.
 
BI bir neçə bank arasında apardığı sorğunun nəticəsinə görə, heç bir bank daşınar əmlak qarşılığında sahibkara kredit vermir.

Səbəbinə gəlincə, bankirlərin fikrincə, ümumiyyətlə bu olduqca riskli prosesdir. Onsuz da verilən kreditlərin qaytarılmasında əziyyət çəkən banklar hesab edirlər ki, daşınar girov köhnələ və ya hər hansısa hadisə nəticəsində məhv ola bilər. Girov bazarındakı mövcud problemlərin üstünə bir də daşınar girovların gəlməsi isə sistemdə böyük çətinliklər yarada bilər. Bankların dayanaqlığı isə olduqca kövrəkdir və buna getmək konkret olaraq, görə-görə problem qazanmaq deməkdir.

 

“İndi bu layihə işləməyəcək”

Daşınar əmlak girovu qarşılığında kreditlərin verilməməsi ilə bağlı hüquqşünas Əkrəm Həsənov bildirib ki, indiki dövrdə bu layihə işləməyəcək. Əslində bu kredit növü 2015-ci ildə tətbiq olunmalı idi. Belə ki, o zaman bankların pul bazası da kifayət qədər yüksək olub.

“Hazırda, yəni 2018-ci ildə bankların kifayət qədər vəsaiti mövcud deyil. Bu kreditlər banklar üçün olduqca risklidir. Çünki, sahibkar krediti ödəyə bilmədiyi zaman onun daşınar əmlakını bank sata bilməyəcək. Buna səbəblərdən biri də  hazırda Azərbaycanda əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir”.

Ekspertin fikrinə BI olaraq, onu da əlavə edək ki, tutaq ki, girov satılmadı, bu zaman bankın zərəri necə olacaq, hansı yolla ödəniləcək, bax, bu məsələ də açıq olaraq qalır. Başqa sözlə, reyestrin işləmə mexanizmi sona qədər həllini tapmayıb.

Təkcə bir faktı da diqqətdə saxlamaq lazımdır ki, hazırda ölkədə qaytarılmayan kreditlərin tərkibində biznes kreditləri liderdir. Bu təhlükəni görə-görə müəyyən məsuliyyətlər və şərtlər daxilində vətəndaşdan götürdüyü əmanət pulunu bank riskli girovlarla sahibkara verə bilməz, çünki həmin pulları qaytarmaq kimi bir öhdəliyi var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)