MALİYYƏ

Bakıda “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” keçirilir

Mayın 21-də Bakıda Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” öz işinə başlayıb. 

"ENA" xəbər verir ki, üç gün davam edəcək forumda AİB-ə üzv olan ölkələrin və beynəlxalq maliyyə qurumlarının dövlət borcunun idarə edilməsi sahəsində 100-dən çox yüksək vəzifəli nümayəndələri və ekspertləri iştirak edir.

Forumun gündəliyinə “Mövcud makroiqtisadi şəraitdə borcun idarə edilməsi üzrə effektiv strategiyalar”, “Borcun idarə edilməsi və monetar siyasətin effektiv əlaqələndirilməsinin əsası”, “Dövlət borcunun idarə edilməsinə nəzarət” və digər məsələləri əhatə edən sessiyalar daxildir.
Asiya İnkişaf Bankı tərəfindən hər il seçilmiş üzv ölkə ilə əməkdaşlıq çərçivəsində keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”nun təşkil edilməsində məqsəd dövlət borcunun idarə edilməsi sahəsində qabaqcıl təcrübələrin üzv ölkələrin nümayəndələri ilə paylaşılmasını təmin etməkdir.

Forumun açılışında çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dövlət maliyyə idarəetməsi, o cümlədən dövlət borcunun idarə olunması sahəsində həyata keçirilən islahatlar, dövlət borcunun idarə edilməsi strategiyası, habelə Azərbaycan Respublikasının bu sahəyə ayırdığı diqqət barədə forum iştirakçılarını məlumatlandırıb. Nazir qeyd edib ki, həyata keçirilən islahatların və dövlət borcunun idarə edilməsi üzrə orta və uzun müddətli strategiyanın icra edilməsi nəticəsində Azərbaycan Respublikasında xarici valyutada denominasiya edilən dövlət borcunun səviyyəsi 17 faiz azaldılaraq cari ilin əvvəlinə ölkə ÜDM-in 19 faizinə bərabər olub. 

Nazir eyni zamanda, dünyada borc səviyyəsinin xüsusilə, inkişaf etmiş ölkələrdə yüksək səviyyədə olduğunu qeyd edərək borca xidmət xərclərinin yüksəldiyini və bununla əlaqədar risklərin də artdığını qeyd edib. “Beləki, Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, 2019-cu ilin sonuna inkişaf etmiş ölkələrin borc səviyyəsi ortalama ÜDM-in 102,6 fazinə, inkişaf etməkdə olan ölkələrdə isə 50,5 fazinə bərabər olub. Bu da öz növbəsində borcun düzgün idarəedilməsinin əhəmiyyətini bir daha aktuallaşdırır”, deyə nazir bildirib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department