A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Qeyri-mütənasib təkrarsiğorta

Sözün izahı

Sığorta hadisəsi baş verdikdə təkrarsığortalının şəxsi tutumundan artıq olan məbləğin təkrarsığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan təkrarsığorta növü.

Misal:

“A” sığortaçı şəxslə sığorta müqaviləsi bağlayır və mənzili 300.000 manat məbləğində sığortalayır. Bundan sonra “A” sığortaçı qəbul etdiyi riskin 100.000 manatdan artıq olan hissəni “B” təkrarsığortaçıda təkrarsığorta etdirir. Sığorta hadisəsi nəticəsində mənzilə 250.000 manat həcmində zərər dəyir. Bu halda “A” sığortaçı şəxsə verdiyi 250.000 manat sığorta ödənişinin öz üzərində saxladığı riskdən artıq hissəsini (250.000-100.000=150.000 manat) “B” təkrarsığortaçıdan alır. Əgər əmlaka dəyən zərər sığortaçının şəxsi tutumundan (100.000 manatdan) azdırsa, məsələn, 85.000 manatdırsa, “B” təkrarsığortaçı ödəniş vermək üçün heç bir öhdəlik daşımır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 890.7:

Qeyri-mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığortalının şəxsi tutumundan artıq olan məbləğdə sığorta ödənişi vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.55:

Qeyri-mütənasib təkrarsığorta (eng.- non-proportional reinsurance) – təkrarsığortaçının təkrarsığortalının sığorta tələbinin xüsusi qaydada hesablanmış müəyyən məbləğini aşan hissəsini qəbul etdiyi təkrarsığorta müqaviləsinin növü.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.5:

Qeyri-mütənasib təkrarsığorta sedentin məruz qaldığı zərərlərin razılaşdırılmış hissəsini aşan məbləğdə itkilərin bir hissəsinin və ya hamısının təkrarsığortaçı tərəfindən ödənilməsinin qəbul edildiyi razılaşmadır.