A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Portfel (sığorta, təkrarsığorta)

Sözün izahı

 

Müvafiq dövr ərzində sığortaçının (təkrarsığortaçının) bağladığı sığorta (təkrarsığorta) müqavilələrinin məcmusu.

Misal:

“A” sığortaçı 2010-cu il 01 oktyabr tarixdən 2011-ci il 01 mart tarixədək olan müddət ərzində ümumilikdə 5 770 sığorta müqaviləsi bağlamışdır və onların 600-ü avtonəqliyyat vasitələrinin sığortası müqaviləsidir. Cəmi sığorta müqavilələri üzrə sığortaçının öhdəliyinin həcmi 12 500 000 manat, o cümlədən avtonəqliyyat vasitələrinin sığortası növü üzrə 4 000 000 manat təşkil edir. Bu o deməkdir ki, “A” sığortaçının sığorta portfelinə 5 770 sığorta müqaviləsi daxildir, portfel üzrə ümumi öhdəlik isə 12 500 000 manatdır; yaxud avtonəqliyyat vasitələrinin sığortası növü üzrə “A” sığortaçının portfelinə 600 sığorta müqaviləsi daxildir və həmin növ üzrə sığorta portfelinin öhdəlik həcmi 4 000 000 manatdır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının sığorta qanunvericiliyində “sığorta portfeli”nin anlayışı verilməmişdir.

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 72.3:

…Sığorta və ya təkrarsığorta müqavilələrinin portfelinin digər sığortaçıya ötürülməsi barədə qərar qəbul etmiş sığortaçı müvafiq razılığın alınması üçün sığorta nəzarəti orqanına müraciət etməlidir...

Beynəlxalq təcrübədən nümunə

Tulinov V.V., Qorin V.S. “Sığorta və risklərin idarə edilməsi” Terminoloji lüğət, Moskva, “Nauka” - 2000:

Portfel (рус.-портфель) – maliyyə planlaşdırmasında: vahid sahibə məxsus olan maliyyə aktivləri (qiymətli kağızlar, bondlar, bank depozitləri və s.); sərmayəçinin bütün kapital qoyuluşları; sığorta şirkətinin bütün maliyyə və maddi aktivlərinin məcmusu; sığortaçıya məxsus bütün qiymətli kağızlar.

Sığorta əməliyyatlarında:sığortaçının qüvvədə olan bütün sığorta polisləri; qüvvədə olan sığorta polisləri üzrə sığorta şirkətinin ümumi öhdəliyi; sığortaçının zərərlər ehtiyatı.

"Beynəlxalq Sığorta və Maliyyə Lüğəti" CİB-Çikaqo və London – 1999, səh 262:

Portfel (eng.– portfolio)– bank və ya sığorta şirkətinə məxsus dövlət qiymətli kağızların və borc qiymətli kağızların investisiya risklərinin bölüşdürülməsi məqsədi daşıyan seçimi.