A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

İcbari sığorta

Sözün izahı

Dövlətin sosial siyasəti baxımından əhəmiyyətli hesab edilən sahələrdə insanlara dəyə biləcək maddi və fiziki zərərlərlə bağlı maliyyə risklərinin azaldılması məqsədilə müəyyən risklərin sığorta etdirilməsinin qanunla tələb olunduğu, əsas qayda və şərtlərinin qanunvericiliklə müəyyən edildiyi sığorta.

 

Əlavə izahat:

 

Dövlət müəyyən sahələrdə mövcud olan riskləri sığortaya cəlb etməklə, həmin sahələrdə yürüdülən sosial siyasət məqsədlərini daha səmərəli şəkildə həyata keçirir. Məsələn, istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində işçilərin və onların ailə üzvlərinin üzləşdiyi maddi problemlərin daha operativ və səmərəli həlli üçün istehsalat qəzaları və peşə xəstəliklərinin insan sağlamlığı üçün gözlənilən fəsadlarının icbari qaydada sığorta etdirilməsini qanunun tələbi edir. Bundan başqa, tez-tez baş verməsi baxımından ən riskli hesab edilən və bununla da bir gün ərzində bir şəhərdə onlarla insanın həyatı və əmlakı üçün risk mənbəyi olan avtonəqliyyat vasitələrindən istifadə nəticəsində başqa şəxslərə vurula biləcək zərərlərin sığortalanması demək olar ki, bütün dünyada məcburidir. Məcburiliyi, habelə, əsas şərtləri qanunvericilikdə nəzərdə tutulan sığorta növləri icbari sığortalar hesab edilir.

 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad                

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

 

maddə 3.2: İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir.

 

maddə 3.4: Qanunvericiliklə müəyyən edilmiş hallar istisna edilməklə icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

 

maddə 897.1:İcbari sığortanın həyata keçirilməsi qanunvericiliklə tələb olunur.

 

maddə 897.3:Qanunvericiliklə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs  müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.

 

maddə 907.1: Sığorta qanunvericiliyi ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur.

 

maddə 907.2: İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı sığorta qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.

 

maddə 907.3: Sığortalı qismində sığorta etdirməli olan şəxsin, eləcə də sığortaçı qismində sığortalamağa borclu olan sığortaçının müvafiq icbari sığorta müqaviləsini bağlamaması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

maddə 931: Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.

 

Beynəlxalq təcrübədən nümunə

İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.12:

 

İcbari sığorta, əldə edilməsi qanunla tələb edilən sığortadır. Hökumətlər əsasən adətən zərərə səbəb ola bilən aşağıdakılar üzrə mülki məsuliyyətin sığorta etdirilməsini tələb edirlər: 1) bir hadisənin baş verməsi nəticəsində çoxlu sayda təqsirsiz şəxsin xəsarət almasına səbəb ola bilən və ciddiliyi xüsusilə böyük ola bilən bir hadisənin baş verməsi; 2) ayrı-ayrılıqda baş verməsi ilə ümumilikdə çoxlu sayda təqsirsiz şəxsin xəsarət almasına səbəb ola bilən tez-tez baş verən hadisələr; 3) xarakterinə görə təhlükəli hesab edilən hadisələr.

 

Türkiyə Cümhuriyyətinin 2007-ci il 3 iyun tarixli Sığortaçılıq Qanunu, maddə 13, (1):

 

Nazirlər Şurası ictimai maraqlar baxımından zəruri hesab etdiyi hallarda icbari sığortalar (eng.-compulsory insurances) müəyyən edə bilər. Sığorta şirkətləri bu Qanunun 20-ci maddəsinin ikinci abzasının (b) yarımbəndinin (sığorta portfelinin Nazirlik tərəfindən məhdudlaşdırılması) və üçüncü abzasının (lisenziyanın geri alınması) müddəaları nəzərə alınmaqla, onların fəaliyyət sahəsinə aid olan icbari sığortanı təmin etməkdən yayına bilməzlər.

 

Almaniya Federativ Respublikasının Sığorta müqaviləsi Aktı - 2008-ci il, maddə 113 (1):

 

Sığortalının təminat almaq vəzifəsi qanunla nəzərdə tutulmuş məsuliyyət sığortası (icbari sığorta) Almaniyada fəaliyyət göstərmək hüququ olan sığorta şirkəti ilə müqavilə bağlamaqla həyata keçirilməlidir.

 

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il,

 

maddə 935: Qanunla orada göstərilən şəxslərin üzərinə qanunda müəyyən edilən digər şəxslərin həyatını, sağlamlığını, əmlakını onların həyatına, sağlamlığına və əmlakına zərər vurma hallarından; digər şəxslərin həyatına, sağlamlığına və əmlakına zərər vurma nəticəsində mülki məsuliyyətinin yaranması riskindən sığorta etdirmək vəzifəsi qoyula bilər. Qanunla vətəndaşın üzərinə öz həyatını və ya sağlamlığını sığorta etdirmək vəzifəsi qoyula bilməz.

 

maddə 937, bənd 2: Üzərinə sığorta etdirmək vəzifəsi qoyulmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya qanunda müəyyən edilmiş şərtlərlə müqayisədə faydalanan şəxsin vəziyyətini pisləşdirən şərtlərlə sığorta müqaviləsi bağladıqda, sığorta hadisəsi baş verərkən o, faydalanan şəxs qarşısında bağlanmalı olan sığorta müqaviləsi ödənilməli olan sığorta ödənişinin şərtləri həcmində öhdəlik daşıyır.

 

İordaniya Krallığının “Sığorta tənzimlənməsi Aktı” -1999-cu il, maddə 99:

 

İcbari sığorta müəyyən risklərə qarşı müəyyən edilə bilər və bununla əlaqəli ümumi qaydalar və müddəalar və digər bütün məsələlər Bu Aktın müddəaları nəzərə alınmaqla…qanunvericiliklə müəyyən edilir.

 

Latviya Respublikasının 1998-ci il 30 iyun tarixli “Sığorta müqaviləsi haqqında” Qanunu, maddə 38:

 

Əgər sığorta obyekti həm icbari, həm də könüllü sığorta üzrə sığortalanmışdırsa, könüllü sığortada ödəniş bu Qanunun 35-ci maddəsi nəzərə alınmaqla (ödənişin zərərdən artıq olmaması prinsipi), icbari sığortada ödənişin qayda və şərtlərindən asılı olmayaraq həyata keçirilir.