PAŞA Bank və Deloitte Private “Best Managed Companies Azerbaijan 2027” proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank və Deloitte Private Azərbaycanda altıncı dəfə keçiriləcək “Best Managed Companies Azerbaijan” proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.
Deloitte Private-ın beynəlxalq təşəbbüsü olan “Best Managed Companies” proqramı qabaqcıl idarəetmə təcrübələri və uğurlu biznes nəticələri ilə seçilən şirkətləri müəyyən edir və mükafatlandırır.
Dünyanın 50-yə yaxın ölkəsində həyata keçirilən proqram Azərbaycanda 2021-ci ildən təşkil olunur. Bu müddət ərzində proqramda 50-yə yaxın yerli şirkət iştirak edib, 19 şirkət isə “Best Managed Companies Azerbaijan” tituluna layiq görülüb.

Proqram çərçivəsində iştirakçılar idarəetmə təcrübələrini beynəlxalq metodologiya əsasında qiymətləndirmək, Deloitte və PAŞA Bank ekspertlərindən bizneslərinin inkişafı ilə bağlı tövsiyələr almaq imkanı əldə edirlər.
Şirkətlər strategiya, biznes imkanları və innovasiya, korporativ idarəetmə və maliyyə göstəriciləri, eləcə də korporativ mədəniyyət və öhdəliklər olmaqla dörd istiqamət üzrə qiymətləndirilir. Əsas mükafatın qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.
2027-ci ildə əsas mükafatla yanaşı, şirkətlərin nailiyyətləri üç yeni nominasiya – “İnnovasiya və davamlı inkişaf”, “Korporativ vətəndaşlıq və sosial töhfə”, “Ətraf mühitə məsuliyyət və ekoloji töhfə” üzrə də qiymətləndiriləcək.

Proqramda illik gəliri 10 milyon manatdan çox olan, ən azı üç il fəaliyyət göstərən və 25-dən çox tam ştatlı əməkdaşı olan şirkətlər iştirak edə bilərlər. Şirkətin mülkiyyətinin 60 faizdən çoxu Azərbaycan rezidenti olan fiziki və ya hüquqi şəxslərə məxsus olmalıdır.
“Best Managed Companies Azerbaijan” proqramı Deloitte Private və PAŞA Bankın əsas sponsorluğu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyanın tərəfdaşlığı ilə həyata keçirilir.
Proqram və iştirak şərtləri haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür.
PAŞA Bank bu təşəbbüslə yerli şirkətlərdə qabaqcıl idarəetmə təcrübələrinin tətbiqinə, onların dayanıqlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına dəstək göstərir.












