Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycan ixrac etdiyi malın pulunu ala bilirmi? Yeni fərman hansı problemi həll edə bilər?

Azərbaycan ixrac etdiyi malın pulunu ala bilirmi? Yeni fərman hansı problemi həll edə bilər?
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Azərbaycan xaricə mal satır, gömrük statistikası ixracı qeydə alır. Bəs həmin satışdan əldə olunan pul ölkəyə nə vaxt və hansı qaydada daxil olur? Prezident İlham Əliyevin imzaladığı yeni fərman məhz bu məsələyə – ixrac gəlirlərinin Azərbaycana qaytarılmasına nəzarət mexanizminə yenidən baxır. Dövlət qurumları arasında məlumat mübadiləsi təkmilləşdirilməli, Mərkəzi Banka yeni hesablaşma qaydaları hazırlamalıdır. Bu addımlar ixracatçılar üçün hansı dəyişiklikləri vəd edir?

Azərbaycanın ixrac göstəriciləri açıqlananda əsasən ölkədən nə qədər mal çıxarıldığına, hansı məhsulların satıldığına və ixracın dəyərinə diqqət yetirilir. Lakin xarici ticarətin digər mühüm tərəfi də var: ixrac olunan məhsulun müqabilində əldə edilən vəsait Azərbaycana daxil olurmu?

Tutaq ki, yerli şirkət xarici alıcıya 1 milyon dollarlıq məhsul satır. Mal gömrükdən keçir, ixrac müqaviləsi və bəyannamə rəsmiləşdirilir. Bu məbləğ ixrac statistikasında əks olunur. Amma alıcı ödənişi gecikdirirsə, yaxud müqavilə üzrə pul müəyyən müddət ərzində Azərbaycandakı bank hesabına daxil olmursa, ixrac əməliyyatı ilə faktiki valyuta daxilolması arasında zaman fərqi yaranır.

Bu fərq özü-özlüyündə qanun pozuntusu demək deyil. Xarici alıcının ödənişi gecikdirməsi, müqavilə şərtləri, hissə-hissə hesablaşma və digər kommersiya halları nəzərə alınmalıdır. Ancaq dövlət üçün əsas məsələ ixrac olunan malların müqabilində əldə edilən vəsaitin hərəkətini izləmək və qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə nəzarət etməkdir.

Prezident İlham Əliyevin noyabrın 25-də imzaladığı fərman bu sahədə mövcud mexanizmin yeni qaydalarla tənzimlənməsini nəzərdə tutur.

İxrac var, bəs onun pulu Azərbaycana necə qayıdır?

Fərmanın əhəmiyyətini anlamaq üçün əvvəlki mexanizmin necə işlədiyinə baxmaq lazımdır.

İndiyədək ixrac olunan mallar barədə gömrük bəyannamələri və müqavilələr də daxil olmaqla məlumatlar Dövlət Gömrük Komitəsi tərəfindən elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülürdü. Müvəkkil banklar isə ixrac müqavilələri üzrə xarici valyutanın ixracatçıların hesablarına daxil olması barədə məlumatı üç iş günü ərzində Mərkəzi Banka göndərirdilər.

Mərkəzi Bank gömrük və bank məlumatlarını müqayisə edərək ixrac gəlirlərinin müəyyən edilmiş müddətdə hesaba daxil olub-olmadığını yoxlayırdı. Vəsaitin vaxtında köçürülmədiyi müəyyən edilərdisə, Mərkəzi Bank iki iş günü ərzində Dövlət Gömrük Komitəsinə məlumat verirdi. Bundan sonra ixracatçı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan nəzarət və digər tədbirlər görülə bilərdi.

Beləliklə, əvvəlki sistemdə məlumatlar bir neçə mərhələdən keçirdi: gömrük məlumatı Mərkəzi Banka ötürür, banklar daxilolmalar barədə Mərkəzi Bankı məlumatlandırır, Mərkəzi Bank isə məlumatları üzləşdirərək zərurət yarandıqda Gömrük Komitəsinə müraciət edirdi. Yeni fərman bu məlumat mübadiləsi zəncirini dəyişir.

Gömrük Komitəsinin nəzarəti güclənir

Yeni mexanizmə əsasən, ixrac olunan mallar barədə gömrük bəyannamələri, ixrac müqavilələri və digər aidiyyəti məlumatlar Dövlət Gömrük Komitəsinin “İntellektual gömrük” informasiya sistemi vasitəsilə birbaşa müvəkkil banklara ötürüləcək.

Banklar isə ixrac müqavilələri üzrə vəsaitin hesablara daxil olması, eləcə də pulun vaxtında köçürülməməsi barədə məlumatı üç iş günü ərzində həmin sistem vasitəsilə Dövlət Gömrük Komitəsinə göndərəcəklər.

Burada əsas dəyişiklik odur ki, ixrac gəlirlərinin Azərbaycana köçürülməsinə və gətirilməsinə nəzarət birbaşa Dövlət Gömrük Komitəsinə həvalə olunur. Əvvəlki mexanizmdə məlumatların üzləşdirilməsi və gecikmə barədə Gömrük Komitəsinə məlumat verilməsi Mərkəzi Bank üzərindən həyata keçirilirdi.

Bu dəyişiklik məlumatların daha birbaşa ötürülməsinə və ixrac əməliyyatı ilə bank daxilolmasının eyni informasiya sistemi üzərindən izlənməsinə imkan verə bilər. Bunun praktik nəticəsinin nə dərəcədə effektiv olacağı isə sistemin tətbiqindən və məlumatların keyfiyyətindən asılı olacaq.

Əvvəlki 180 günlük müddət ləğv edilir: ixracatçılar üçün nə dəyişəcək?

Fərmanın diqqət çəkən məqamlarından biri də əvvəlki qaydalarda yer alan 180 günlük müddətlə bağlıdır. Əvvəlki qaydaların 12.2-ci bəndinə əsasən, konsiqnasiya yolu ilə ixrac edilən malların, işlərin və xidmətlərin müqabilində əldə olunan vəsait ixracın bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının Azərbaycandakı müvəkkil bank hesabına köçürülməli idi.

Yeni fərman həmin bəndi ləğv edir. Bununla yanaşı, ixrac hesablaşmalarının “Valyuta tənzimi haqqında” qanuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun aparılmasını nəzərdə tutur.

Bu, 180 günlük müddətin avtomatik olaraq başqa konkret müddətlə əvəz edildiyi anlamına gəlmir. Yeni qaydaların hazırlanması Mərkəzi Banka tövsiyə olunub və hesablaşmaların müddəti, proseduru, mümkün istisnalar və digər şərtlər həmin qaydalarda dəqiqləşdirilməlidir.

İxracatçılar üçün ən vacib məqam da budur: yeni qaydalar qüvvəyə minənədək konkret hesablaşma müddətlərinin necə müəyyən ediləcəyini və hansı hallarda gecikmənin əsaslı sayılacağını gözləmək lazımdır.

Dövlət məsuliyyəti də sərtləşdirə bilər

Fərmanda yalnız məlumat mübadiləsinin dəyişdirilməsi nəzərdə tutulmur. Sənədin birinci bəndinə əsasən, Nazirlər Kabineti ixrac olunan malların müqabilində əldə edilən vəsaitin ixracatçıların Azərbaycandakı müvəkkil bank hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi barədə təkliflər hazırlamalıdır.

Bu təkliflər Mərkəzi Bankın müəyyən edəcəyi yeni qaydalar qüvvəyə mindikdən sonra doqquz ay ərzində Prezidentə təqdim edilməlidir.

Bu müddəa göstərir ki, dövlət təkcə nəzarət mexanizmini yeniləməyi deyil, qaydaların pozulmasına görə məsuliyyət məsələsinə də yenidən baxmağı planlaşdırır.

Ancaq burada mühüm fərq var: xarici alıcının ödənişi gecikdirməsi ilə ixracatçının daxil olmuş vəsaiti Azərbaycandakı müvəkkil bank hesabına köçürməməsi eyni hal deyil. Yeni məsuliyyət mexanizmi hazırlanarkən bu hallar fərqləndirilməlidir. Əks halda, ixracatçı özündən asılı olmayan kommersiya və bank problemlərinə görə də risklə üzləşə bilər.

Yeni qaydaları kim hazırlayacaq və nə vaxt qüvvəyə minəcək?

Fərmanda yeni qaydaların hazırlanması üzrə konkret ardıcıllıq müəyyən edilib. İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, xarici ölkələrə mal ixracı üzrə hesablaşmaların aparılmasına dair təkliflərini iki ay müddətində Mərkəzi Banka təqdim etməlidir.

Mərkəzi Banka isə həmin təklifləri nəzərə alaraq, dörd ay müddətində ixrac hesablaşmalarının aparılması qaydalarını müəyyən etmək və bu barədə Prezidentə məlumat vermək tövsiyə olunub.

Qurum

Tapşırıq

Müddət

İqtisadiyyat Nazirliyi

İxrac hesablaşmaları üzrə təklifləri hazırlamaq, Kənd Təsərrüfatı Nazirliyi və DGK ilə razılaşdırmaq

2 ay

Mərkəzi Bank

Yeni hesablaşma qaydalarını müəyyən etmək və Prezidentə məlumat vermək

4 ay

Nazirlər Kabineti

Qaydaların pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq

Yeni qaydalar qüvvəyə mindikdən sonra 9 ay

Yeni nəzarət prosedurları Mərkəzi Bankın müəyyən edəcəyi qaydalarla eyni gündə qüvvəyə minəcək. Deməli, fərmanın imzalanması ilə bütün yeni prosedurlar dərhal tətbiq olunmur; əvvəlcə qaydalar hazırlanmalı və qüvvəyə minməlidir.

Əsas sual açıq qalır: ölkəyə qayıtmayan ixrac gəlirləri nə qədərdir?

Azərbaycanda ixrac olunan malların dəyəri ilə həmin əməliyyatlar üzrə ölkəyə faktiki daxil olan vəsait arasında nə qədər fərq var? – Bu barədə məlumatlar hələki açıq mənbələrdə yoxdur.

Məsələn, son üç-beş il ərzində ixrac müqavilələri üzrə ölkəyə daxil olmalı olan vəsaitin ümumi məbləği nə qədər olub? Bunun nə qədəri vaxtında daxil olub, nə qədəri gecikib? Gecikmələrin hansı hissəsi xarici alıcıların ödəniş etməməsi, hansı hissəsi isə ixracatçıların hesablaşma öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır?

Qeyd edək ki, ixrac siyasətinin uğuru yalnız məhsulun xaricə satılması ilə ölçülmür. Həmin satışdan əldə edilən gəlirin ölkəyə daxil olması, biznesin dövriyyəsində iştirak etməsi və iqtisadiyyata real valyuta axını yaratması da eyni dərəcədə vacibdir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə