Jeff Bezos: Nvidia rəhbər vəzifəyə kənardan namizəd gətirməməlidir

Bezos Nvidia-ya yeni CEO-nu şirkət daxilindən seçməyi tövsiyə edib
ENA.az Techora-ya istinadən xəbər verir ki, Amazon-un qurucusu Ceff Bezos Nvidia-nın direktorlar şurasına şirkətin yeni baş direktorunu daxili namizədlər arasından seçməyi tövsiyə edib.
Bezos bu fikirləri noyabrın 17-də Semafor-un təşkil etdiyi “Silicon Valley & The World” konfransında səsləndirib. Onun sözlərinə görə, Nvidia kimi mürəkkəb struktura malik şirkətə kənardan rəhbər gətirilməsi uğurlu nəticə verməyə bilər.
“Əgər Censenin geri qaytarılması nəzərdə tutulmursa, mən kənardan namizəd seçməzdim. Nvidia çox mürəkkəb şirkətdir”, – Bezos bildirib. O, belə şirkətlərdə kənardan təyin olunan rəhbərlərin uğur qazanmaq şansının çox az olduğunu deyərək bu variantı son çıxış yolu kimi qiymətləndirib.
Bezos öz təcrübəsini də nümunə göstərib. O, 2021-ci ildə Amazon-un baş direktoru vəzifəsini uzun illər şirkətdə çalışmış Endi Cessiyə təhvil verib. Bezos həmin keçidin əvvəlcədən planlaşdırıldığını və Nvidia-dakı vəziyyətdən fərqləndiyini vurğulayıb.
Xatırladaq ki, Censen Huang noyabrın 12-də Nvidia-nın baş direktoru vəzifəsindən istefa verib. Şirkətin maliyyə direktoru Kолет Kress müvəqqəti CEO təyin edilib. Direktorlar şurası Huangın vəzifəyə qaytarılmasının nəzərdə tutulmadığını açıqlayıb və daimi rəhbər axtarışına başlayıb.
Nvidia daxilində mümkün namizədlər arasında Kress və CUDA proqram platformasının inkişafına rəhbərlik etmiş vitse-prezident İan Bakın adları çəkilir. Kənar namizədlər sırasında isə Arm şirkətinin CEO-su Rene Haasın adı hallanır.











