BOKT-nin rəhbərliyinə təyinat olub

“Unibank” KB ASC-nin sabiq rəhbər işçisi Bəxtiyar Bəxtiyarov “İnternational” Bank Olmayan Kredit Təşkilatında yeni vəzifəyə təyin edilib.
Məlumata görə, Bəxtiyarov 2026-cı ilin noyabrından BOKT “İnternational” ASC-nin İdarə Heyəti sədrinin müavini – Baş Biznes inzibatçısı (CBO) vəzifəsində fəaliyyətə başlayıb.
Bəxtiyar Bəxtiyarov bundan əvvəl, 2024-cü ilin avqustundan 2026-cı ilin noyabrına qədər “Unibank”da Satış Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
O, 2008–2024-cü illərdə “AccessBank”da müxtəlif vəzifələr tutub. Bankda fəaliyyətinə kiçik kredit analitiki kimi başlayan Bəxtiyarov sonrakı illərdə kredit mütəxəssisi, aparıcı kredit mütəxəssisi, baş kredit meneceri, KOB kreditləri üzrə menecer və filial müdirinin müavini vəzifələrində işləyib.
2019-cu ilin avqustundan 2020-ci ilin oktyabrına qədər “AccessBank”ın Salyan filialının, 2020-ci ilin noyabrından 2024-cü ilin avqustuna qədər isə Nərimanov korporativ filialının müdiri olub.
Bəxtiyar Bəxtiyarov bank sektorundakı fəaliyyəti ilə yanaşı, idarəetmə və biznes təlimləri sahəsində də çalışıb. O, 2020–2024-cü illərdə “International Consulting Company”də təlimçi, 2026-cı ilin may-oktyabr aylarında isə “Supply Chain Management by BMS” şirkətində idarəetmə və biznes təlimçisi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, BOKT “İnternational” ASC 2013-cü ildə yaradılıb və Azərbaycan Mərkəzi Bankının BKT-12 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
BOKT “İnternational” ASC-nin nizamnamə kapitalı 10 milyon manatdır və səhmlərinin 100%-i Rifat Vaqif oğlu Həsənova məxsusdur. BOKT-un Müşahidə Şurasının sədri Rifat Həsənov, İdarə Heyətinin sədri isə Nicat Həsənovdur.
Mənbə:banker.az











