Neft bazarında eniş ardıcıl üçüncü həftədir davam edir (23.11.2026)

Neft qiymətləri ucuzlaşır, Yaxın Şərqdəki hücumlar enişi məhdudlaşdırır
ENA.az Reuters-ə istinadən xəbər verir ki, dünya bazarlarında neft qiymətləri noyabrın 23-də ucuzlaşıb. Qlobal fond bazarlarında geriləmə və süni intellekt sektorunun iqtisadi artıma töhfəsi ilə bağlı narahatlıqlar neftə olan tələbat perspektivlərinə də təsir göstərib.
Bakı vaxtı ilə səhər saatlarında “Brent” markalı neftin fyuçersləri 28 sent və ya 0,30% ucuzlaşaraq bir barel üçün 92,29 dollara, ABŞ-nin WTI markalı nefti isə 15 sent və ya 0,18% azalaraq 83,26 dollara düşüb.
Ötən həftə “Brent”in qiyməti 4%, WTI isə 5% geriləyib. Bununla da hər iki neft markasında ucuzlaşma ardıcıl üçüncü həftə davam edib.
Bununla belə, ABŞ və İsrailin İranla müharibəsi fonunda Yaxın Şərqdə davam edən hücumlar qiymətlərin daha kəskin enməsinin qarşısını alır. İranla əlaqəli husilər bazar günü Səudiyyə Ərəbistanındakı neft emalı zavoduna hücum etdiklərini bəyan ediblər. Həftəsonu Fars körfəzində və Hörmüz boğazı yaxınlığında gəmilərə qarşı bir neçə hücum barədə də məlumat yayılıb.
Analitiklər bildirirlər ki, boş neft tankerlərinin sayının artması, yüklü gəmilərin isə azalması tədarük marşrutlarında risklərin yüksəldiyinə işarədir. Bu vəziyyətin yaxın vaxtlarda neft qiymətlərinə əlavə təsir göstərə biləcəyi gözlənilir.
Digər tərəfdən, OPEC+ ölkələrinin nazirləri noyabrın 29-da 2027-ci il üçün hasilat siyasətini müzakirə etmək məqsədilə görüşlər keçirəcəklər.











