Əsas məzmuna keç
Bakı +16°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

“Anglo Asian Mining” Azərbaycanda iki mədən sahəsini hökumətə qaytarmaq qərarına gəlib

“Anglo Asian Mining” Azərbaycanda iki mədən sahəsini hökumətə qaytarmaq qərarına gəlib

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarını Azərbaycan hökumətinə qaytarmaq qərarına gəlib.

ENA.az xəbər verir ki, şirkətin açıqlamasına əsasən, Qoşa sahəsi üzrə hüquqların müddəti artıq başa çatıb, Ordubad üzrə isə yaxın zamanda başa çatacaq. Şirkət bu hüquqların müddətini uzatmaq niyyətində deyil.

Qoşa müqavilə sahəsi 300 kvadratkilometr ərazini əhatə edir və Gədəbəydən təxminən 50 kilometr şimal-qərbdə yerləşir. Naxçıvan Muxtar Respublikasındakı Ordubad müqavilə sahəsinin ərazisi isə 462 kvadratkilometrdir. Beləliklə, şirkət ümumilikdə 762 kvadratkilometrlik iki müqavilə sahəsi üzrə hüquqlarından imtina edir.

Şirkət qərarını investisiya portfelinə yenidən baxılması və daha yüksək inkişaf potensialına malik layihələrə üstünlük verilməsi ilə izah edib. Bildirilib ki, hər iki ərazi mövcud istehsal obyektlərindən uzaqda yerləşir və digər mədənlərdəki kimi inkişaf etmiş infrastruktura malik deyil.

“Anglo Asian Mining” bundan sonra əsas diqqətini Xarxar və Qaradağ mis yataqlarının istismara hazırlanmasına, həmçinin mövcud mədənlərin yaxınlığında yeni ehtiyatların aşkarlanmasına yönəldəcək.

Hazırda hasilatın pay bölgüsü sazişinə müvafiq dəyişikliklər Azərbaycan hökuməti ilə razılaşdırılır. Dəyişikliklərin qüvvəyə minməsi üçün Milli Məclisin təsdiqi tələb olunur. Şirkət gələcəkdə Qoşa və Ordubad sahələrinə yenidən hüquq əldə etmək imkanını da istisna etmir.

“Anglo Asian Mining” Azərbaycanda 1997-ci ildə bağlanmış hasilatın pay bölgüsü sazişi əsasında fəaliyyət göstərir. Şirkətin əsas istehsal mərkəzi Gədəbəy olub. Burada Gədəbəy, Qadir, Uğur və Gilar mədənlərində müxtəlif dövrlərdə hasilat aparılıb.

Qoşa qızıl mədənində sənaye hasilatına 2014-cü ildə başlanılıb. Lakin 2024 və 2025-ci illərdə yataqda hasilat aparılmayıb.

2025-ci ilin mayında Gilar, iyulunda isə Ağdərədə yerləşən Dəmirli mis-molibden mədəni istehsala başlayıb. Şirkətin portfelinə Zəfər, Xarxar və Qaradağ layihələri, həmçinin Vejnəli və Qızılbulaq müqavilə sahələri də daxildir.

Mis hasilatı və ixracı kəskin artıb

Şirkətin mis hasilatı 2024-cü ildəki 377 tondan 2025-ci ildə 7 915 tona yüksəlib.

2026-cı ilin yanvar-sentyabr aylarında isə 14 354 ton mis hasil edilib. Bu, əvvəlki ilin eyni dövründə qeydə alınmış 3 476 tonla müqayisədə 4,1 dəfə çoxdur.

Şirkət 2026-cı ilin ilk doqquz ayında 87,6 min ton mis konsentratı sataraq 206,4 milyon dollar satış dəyəri qeydə alıb. Bu göstəricilər konsentratın ümumi kütləsinə və satışına aiddir, tərkibindəki xalis misin həcminə deyil.

İxrac statistikasına əsasən, “Anglo Asian Mining” qrupunun Azərbaycandakı nümayəndəliyi 2025-ci ildə 135,2 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirib. 2026-cı ilin təkcə yanvar-avqust aylarında isə ixrac 245,7 milyon dollara çatıb. Bu, əvvəlki ilin eyni dövründən 3,3 dəfə çoxdur. Göstərici yalnız misi deyil, şirkətin digər ixrac məhsullarını da əhatə edir.

Şirkət 2026-cı ilin yekununda mis hasilatını 20–25 min tona çatdırmağı planlaşdırır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə