Banklarda əmanətlərin dollarlaşması da sürətlə azalmaqdadır - Palatadan açıqlama
Ölkəmizdə həyata keçirilən dayanıqlı iqtisadi inkişaf, iqtisadi göstəricilərin müşahidə olunan artım tempi, maliyyə bazarları infrastrukturunun sabit fəaliyyəti informasiya texnologiyaları sahəsində yəni çağırışların, bank sisteminə transformasiyasının sürətləndirilməsinə əlverişli imkan yaradır.
"ENA.az" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov “Fintex Sammit: Maliyyə və Texnologiyalar Sammiti”ndə çıxışında deyib. Bildirib ki, 2019-cu ilin birinci rübündə ölkə üzrə ÜDM-in artımı 3%, qeyri-neft ÜDM-ində isə 1,7% artım olub.
“Qeyri-neft ÜDM-nin dominantlıq etdiyi sahələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, qeyri-neft sənayesi və kənd təsərrüfatı sənayesidir. Cari ilin birinci rübündə qeyri-neft məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,2% artıb. Orta illik inflyasiya bu ilin birinci rübündə 2,1% olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 4%-in üzərindədir".
İ.Alışov söyləyib ki, makroiqtisadi mühitdə olan inkişaf bank sektorundan da yan keçməyib. "Bank sektoru məlum hadisələrdən sonra öz inkişaf trendini davam etdirir. Pozitiv notların artan templə inkişafını görə bilirik. 2018-ci ilin birinci rübündə əhali əmanətlərinin de-dollarlaşması ölkənin həm makroiqtisadi mühitdə, həm monetar siyasətdə, eyni zamanda fiskal siyasətdə həyata keçirdiyi siyasətin doğru, düzgün və uzaqgörən olduğuna dəlalət edir. Ölkədə 8.3 milyard mövcud olan əmanətin dollarlaşma səviyyəsi təxminən 60 faizə düşüb. 2019-cu ilin birinci rübündə bankların iqtisadi aktivliyi nümayiş olunur. 1,7 milyard manat həcmində kredit qoyuluşu həyata keçirilib ki, bunun özü də birinci rübün göstəriciləri üçün böyük rəqəmdir".
Palat rəsmisi vurğulayıb ki, bankların kapital davamlığı istiqamətində müvafiq addımlar atılır. Belə ki, cari ilin birinci rübündə banklar 120 milyon manata yaxın kapital inyeksiyası həyata keçirib. Bundan başqa, Palatanın fəaliyyəti dövründə bank sektorunda 1,8 milyard manatdan çox kapital inyeksiyası həyata keçirilib. B,u bank sektorunun dayanıqlığının təcəssümüdür.
İ.Alışovun sözlərinə görə, devalvasiyadan sonra bankların kapital adekvatlığı 20 faiz üzərində olmayıb. "Bu gün sektorun kapital adekvatlığı 22 faizdir. Keçən illə müqayisədə bu il sektorun rəqəmsalaşdırılmasında uğurlar əldə edilib. Həm elektron ödənişlərin həcmində artım müşahidə edilir, eyni zamanda bankların rəqəmsallaşmasında müsbət dinamika mövcuddur. Cari ilin birinci rübündə açılmış hesablar üzərindən aparılan əməliyyatlar təxminən 30, 1 faizi elektron bankçılıq xidmətlərinə dair həyata keçirilib. Hazırda ölkədə 6.8 milyon kart var. Bu dövrdə 772 min ədəd təmassız ödəniş kartı dövriyyəyə buraxılıb. Bu, ötən ilin müvafiq dövründən 2.1 dəfə çoxdur. Elektron ticarət üzrə 2019-cu ilin birinci rübündə aparılan əməliyyatlar keçən ilin müvafiq dövrünü 2 dəfəyə yaxın üstələyir".