Sosial iqtisadiyyat

Niyə yollarda qırılırıq?

Tural Yusifov yazır...

Hər şeyi zamanla öyrənmək olar. Amma bu, o demək deyil ki, hamı vərdiş və ustalıqda bir-birinə tay olacaq. Sürücülükdə də elədir. Biri atasından, digəri təlimçidən öyrənir. Yolda isə daha peşəkar və ustalıq səviyyəsi yüksək olan sürücülər sağ qalır. Digərləri sağ qalırsa, bunu yalnız bəxtə bağlamaq olar.

Azərbaycanda baş verən qəzalarda insan ölümü sayı maksimum həddədir. Sadəcə, rəqəmlərə diqqət edək və daha sonra səbəblərindən bəhs edək. İlk olaraq 2018-ci ilin statistikasına baxaq:

Ötən il respublika ərazisində 1817 YNH-i qeydə alınıb, nəticədə, 722 nəfər ölüb, 1711 nəfər isə yaralanıb.

Bu, rəsmi statistikadır. Rəsmi təqdim olunan rəqəmlərə əsasən, baş verən qəzaların 40 faizindən çoxu ölümlə nəticələnib. Digər ölkələrin statistikasına əsasən, ən aşağı ölüm sayı İsveçrədədir – 100 min nəfərə 2.6 ölüm.

Bəs necə olur ki, ərazisi 41 kv.km, əhalisi 8.1 mln. olan İsveçərədə ölüm və qəza bizdən azdır? Müxtəlif səbəblər var. Mən ən əsas səbəblər üzərində dayanacağam.

Sürücülük vəsiqəsi

Bizdə sürücülük vəsiqəsinin alınması prosesi dünyada ən asan prosesdir. 10 sualdan doqquzunu bildinsə, imtahanın ilk mərhələsindən keçirsən. Daha sonra qapalı meydançada təcrübi imtahan verirsən. 10 dəqiqə davam edən imtahandan sonra sənə 20 dəqiqə ərzində sürücülük vəsiqəsi təqdim edilir.

Sizcə, sualları əzbərləyərək və 10 dəqiqəlik təcrübi imtahan verməklə sürücülük vəsiqəsi almış şəxs 20 Yanvar dairəsini qəzaya düşmədən keçə bilərmi? Ölüm sayının çox olmasının ilk sirri burada gizlənib. ƏZBƏRÇİLİK!!!

Sürücülüyə namizəd olan şəxs sualları əzbərləyir və imtahana gedir. Bir abituriyent misalından nümunə gətirək.

Əhmədov Əhməd filologiya fakültəsinə daxil olmaq üçün 120 suala cavab verməlidir. Sabah onun filoloq olması və ya olmaması onlarla şəxsin ölüm-qalım məsələsinə təsir etməyəcək. Əhməd filologiya fakültəsini bitirsə də, biznesmen kimi də işləyə bilər (əsas odur, həkim olmasın). Bir saniyə içərisində onlarla insanın taleyini həll edə biləcək sürücülük vəsiqəsini almaq üçün cəmi doqquz (!) suala doğru cavab verilməsi tələb olunur. Bu, köhnəlmiş və artıq vaxtı bitmiş bir qiymətləndirmə sistemdir.

Daha müasir sistemə keçid etmək zamanıdır:

– İlk olaraq sürücülük məktəblərindən başlamaq lazımdır. Kim, necə və hansı şəraitdə dərs keçir? Dərs keçən müəllimlərin ustalıq səviyyəsi hansı vəziyyətdədir? Dərs müddəti 90 gün deyil, 120 gün olmalıdır. Sürücülüyə namizəd quru, yaş, torpaq yol örtüyündə təcrübə keçməlidir. Elə məhz bu məqamlar nəzərə alınmadığından yağış yağan kimi qəzaların sayı dərhal artır. Çünki yağışda optimal sürətini seçə bilməyənlər var. Bütün bu səriştəsizliklər sürücülük vərdişləri  və dərslərinə bağlıdır.

– Sürücülük vəsiqəsi üçün imtahan üç mərhələdən ibarət olmalıdır: nəzəri, psixoloji və təcrübi. Nəzəri imtahan zamanı sualların sayı 10 deyil, 100 olmalıdır. Və bununla da 100 sualın nisbətində şəxsin qaydaları bilib-bilmədiyi ortaya çıxacaq.

– Ola bilər ki, sürücülüyə namizəd qaydaları çox gözəl bilsin, amma qeyri-adekvatdır. Adi bir situasiyada özündən çıxa və faciəyə səbəb olan hərəkətlərə yol verə bilər. Bu səbəbdən ona psixoloji testdən keçmək lazımdır. Psixoloji testi keçən şəxs təcrübi imtahana buraxıla bilər.

– Təcrübi imtahan müəyyən edilmiş marşrutla şəhər içərisində keçirilməlidir. Bir saat ərzində sürücülüyə namizədin avtomobili necə idarə etməsi qiymətləndirilməlidir. İndi siz deyin, 10 dəqiqə qapalı meydançada imtahan vermək hara, bir saat şəhərdə avtomobil sürmək hara?

– Sürücülük vəsiqəsi üçün rüsum daha çox olmalıdır: misal olaraq, 1000 manat. Yəni hər adam 20 manat imtahana, 30 manat vəsiqəyə pul verib sürücü olduğuna görə ölkəmizdə qəza sayır artır və bu qəzaların 40 faizindən çoxunda ölüm olur.

İctimai nəqliyyat

İndi bu yazımı oxuyanların bir çoxu, yəqin ki, 1000 manat dövlət rüsumu olan sürücülük vəsiqəsi barəsində fikrimlə razı deyil. Bu bölmədə fikrimi əsaslandırmağa çalışacağam.

Siz ünvana qatar, metro, tramvay və ya trolleybusla daha tez və rahat çata bilərsinizsə, 1000 manat verib sürücülük vəsiqəsi alıb, daha sonra saatlarla tıxacda niyə qalmaq istəyirsiniz?

Təhlükəsiz yolun əsas faktoru ictimai nəqliyyatdır. Təhlükəsiz, vaxtında və rahat. A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz ictimai nəqliyyatla çatacaqsınızsa, avtomobil nəyinizə lazım olacaq? Bizdə ictimai nəqliyyat zəlil vəziyyətində olduğu üçün hamı şəxsi nəqliyyat vasitələrinə keçid edir və bu, eyni ardıcıllıqla qəzalara təsir edir.

Səbəb: işimiz sürücü hazırlamaq deyil. 50 nəfər adamın həyatı 10 suala cavab vermiş şəxsin bilik və vərdişlərindən asılıdır. Şəhərimizdəki əsas ictimai nəqliyyat isə yalnız metro və avtobuslardır. Sərnişindaşımanın öhdəsindən gələ bilməyən bu nəqliyyatı qeyri-peşəkar taksi sürücüləri əvəz etməyə başlayır. Bəs bu sürücülər harada yetişir? Qayıtdıq yenə əvvələ…

Əslində, şəhər nəqliyyatı avtobus, bütün yarımadanı əhatə edən yerüstü və yeraltı metro şəbəkəsi, tramvay, trolleybus və taksi xidmətindən ibarət olmalıdır. Bu yoxdursa, hamı şəxsi nəqliyyatdan istifadə edəcək.

Köhnə avtomobillər

Azərbaycan Avropanın avtomobil qəbiristanlığına çevrilib. İstismar müddəti bitmiş “müəllim avtomobilləri” respublika yollarında şütüyür və baş verən qəzalarda onların sərnişini qorumaq kimi adi bir funksiyası da olmur.

Mən hələ işlənmiş təkərlərin satışından danışmıram. Bu da həm təhlükəsizlik, həm də ekologiyaya birbaşa təsir edir. Bizim avtomobil parkımız da çox köhnədir. Bunun iqtisadi səbəbləri də var.

Qəzalarda ölümün çox olması məhz avtomobillərin təhlükəsizlik  səviyyəsinin aşağı olması ilə bağlıdır. Köhnə avtomobil, köhnə təkərlər və ölüm. Bunlar daim yanaşı addımlayırlar. Hələ buraya ehtiyat hissələri bazarındakı vəziyyəti də əlavə etmək olar. “Orijinal”, “podorijinal” , “saxta” ehtiyat hissələri haqqında, yəqin ki, eşitmisiniz.

Orijinal olmayan ehtiyat hissələri birbaşa qəzaya səbəb ola bilər. Avtomobilin ilindən asılı olmayaraq. Amma “pulum ehtiyat hissələrinə az çıxsın” deyərək, sürücülərin əksəriyyəti orijinal ehtiyat hissələrindən yan qaçırlar. Nəticəsi isə daha ağır olur.

Heç bir ödənilən pul ölən şəxsi geri qaytarmır. Amma heç nəyə baxmadan bu cür ehtiyat hissələri idxal edilir. Ölümlərin səbəbini bu nüanslarda da axtarmaq lazımdır.

Bəs nə etməli? Köhnə avtombillərin yenisi ilə əvəz olunması dövlət proqramında nəzərdə tutulub deyə, əlavə nəsə demək düzgün olmazdı. Çünki bu məsələ ilə bağlı artıq iş gedir. Amma bu şorbada bizim də duzumuz ola bilərdi. Ona görə təklif edirəm.

– Elektrik avtomobillərinə gömrük rüsumu tam ləğv edilməlidir.

– Hibrid avtomobillərinə gömrük haqlarında 70 faiz güzəşt tətbiq edilməlidir.

– İşlənmiş təkər idxalı dayandırılmalıdır.

– Ehtiyat hissələrin idxalı zamanı ciddi nəzarət olmalıdır. Və yalnız orijinal ehtiyat hissələrinin idxalına icazə verilməlidir.

– Yeni avtomobil idxal edən sahibkarlara güzəşt tətbiq edilməli, ikinci əl avtomobillərin ilindən asılı olaraq, vergi məbləğləri artırılmalıdır. İnsanlar daha sərfəli variant olan yeni avtomobillər almalıdırlar.

– Yeni avtomobil alanların qeydiyyat rüsumlarında 50 faiz endirim tətbiq edilməlidir.

Lakin bunların hamısı birlikdə və əksiksiz tətbiq edilərsə, effekti olacaq. Amma siz sürücülük vəsiqəsinin rüsumunu 1000 manat edib, ictimai nəqliyyatı köhnə vəziyyətində saxlayacaqsınızsa, və ya sürücülük vəsiqəsi üçün imtahan prosesi köhnə vəziyyətdə, ədalətsiz qiymətləndirmə ilə olacaqsa, insanlar yenə də 1000 manat tapıb gedib sürücülük vəsiqəsi alacaqlar.

Sürücülük vərdişi isə pul ilə formalaşmır. Nakam ölmüş şəxslərin qəbirləri üzərində axıdılan göz yaşlarının haqqını sonra ödəyə bilməyəcəyik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)