MALİYYƏ

Notariuslar üçün yeni ödəniş gəlir - QANUNA DƏYİŞİKLİK

Azərbayanda notariat fəaliyyəti ilə məşğul olanlar yeni quruma üzv olmalı onun fəaliyyətində yaxından iştirak etməli, eləcə də məcburi ödənişlər etməlidirlər. "Businessinsider.az" xəbər verir ki, bu  «Notariat haqqında» qanuna edilən dəyişikliklər və «Notariusun etik davranış Kodeksi»nə edilən dəyişikliklərdə nəzərdə tutulub.

Qeyd edək ki, «Notariat haqqında» qanuna hələ ötən ilin sonunda edilən dəyişikliyə görə (maddə 26-2 əlavə edilib), Azərbaycanda Notariat Palatası yaradılacaq.

Qanunda deyilir ki, Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Yəni notariusların bu palataya üzvlüyü məcburidir.

Palatanın aşağıdakı səlahiyyətləri vardır:

1) müvafiq icra hakimiyyəti orqanına notariat fəaliyyətinin səmərəli təşkilində yardım etmək;

2) notariusların peşə hazırlığının artırılması məqsədilə təlimlərin və notarius olmaq istəyən şəxslərin hazırlığının təşkilində iştirak etmək;

3) notariat təcrübəsinin formalaşdırılması üçün notariat hərəkətləri üzrə ümumiləşdirmələr aparmaq;

4) notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;

5) digər ölkələrin notariusları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.

Bundan başqa, qanuna görə, müvafiq icra hakimiyyəti orqanı Palatanın üzvünü notariat fəaliyyətinin yoxlanılmasına cəlb edə bilər.

Palatanın üzvləri üçün üzvlük haqqının məbləği, bu məbləğin ödənilməsi müddəti və qaydaları Palatanın nizamnaməsi ilə müəyyən olunur. Palata müvafiq icra hakimiyyəti orqanına illik hesabat verir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri Palatanın qanunvericiliyə zidd qərarına düzəliş edilməsini tövsiyə edə bilər.

Bir neçə gün əvvəl isə Ədliyyə Nazirliyi «Notariusun etik davranış Kodeksi»nə dəyişiklk edib. Kodeksə edilən əlavəyə görə, notariuslar Azərbaycan Notariat Palatasının Ümumi yığıncağında, iclaslarında, təşkil etdiyi təcrübə mübadiləsi, təlim-tədris və digər tədbirlərdə iştirak etməli, qərarları icra etməli, üzvlük haqqını və qanunla müəyyən edilən digər məcburi ödənişləri verməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)