MALİYYƏ

Biznesin səhər ritualı: gündə 5 fincan kofe ürəyə zərərlidirmi?

Səhər ofisdə işə başlamazdan əvvəl ilk iş nədir? Kompüteri açmaq, elektron məktublara baxmaq, yoxsa bir fincan kofe içmək? Xüsusilə biznes dünyasında kofe çoxları üçün sadəcə içki deyil, günün başlanğıc ritualıdır. Görüşlər arasında, uzun iş saatlarında, səhər toplantılarında kofe fincanı az qala iş masasının ayrılmaz hissəsinə çevrilib.

Amma kofe ilə bağlı illərdir bir sual var: Bu qədər kofe ürəyə zərər vermirmi?

Yeni elmi araşdırmalar bu suala əvvəlkindən daha müsbət cavab verir. Amerika Ürək Assosiasiyasının (AHA) 2026-cı ildə yayımladığı elmi qiymətləndirməyə görə, əksər sağlam böyüklər üçün gündə 400 milliqrama qədər kofein qəbul etmək ürək-damar sistemi üçün təhlükəli hesab edilmir. Bu miqdar təxminən 3–5 fincan adi qara kofeyə bərabərdir.

Gündə beş fincan həqiqətən təhlükəsizdirmi?

Burada vacib bir məqam var, belə ki, söhbət istənilən ölçüdə və istənilən formada kofedən getmir. Alimlərin istinad etdiyi 400 mq həddi standart ölçülü, kofeinli və əlavə şəkər, şərbət və digər əlavələr olmayan kofe üçün nəzərdə tutulur. Yəni beş fincan qara kofe ilə beş böyük, şəkərli, qaymaqlı və şərbətli kofe eyni şey deyil.

AHA-nın məlumatına görə, gündə 400 mq-a qədər kofein əksər böyüklər üçün ürək-damar riskini artırmır. Hətta normal miqdarda kofe istifadəsi ürək xəstəliyi, insult, ürək çatışmazlığı və 2-ci tip diabet riskinin daha aşağı olması ilə əlaqələndirilib. Lakin bu, “nə qədər çox kofe, bir o qədər yaxşı” demək deyil.

Ən yaxşı nəticə 2–4 fincan aralığında ola bilər

Elmi məlumatlar göstərir ki, kofenin mümkün faydaları daha çox orta miqdarda istehlakla əlaqəlidir. AHA-nın qiymətləndirməsində gündə 2–4 fincan kofe ürək xəstəliyi, ürək çatışmazlığı və insult riskinin daha aşağı olması ilə əlaqələndirilib. Dörd fincandan çox istehlak isə bəzi hallarda, xüsusilə ürək çatışmazlığı riski baxımından, artıq faydalı olmaya bilər.

Bu səbəbdən mütəxəssislərin mesajını belə sadələşdirmək olar: Kofe içirsinizsə, orta miqdarda içmək problem deyil. Amma daha çox içmək sağlam olmaq demək deyil.

Kofenin tərkibində yalnız kofein yoxdur

Kofenin ürəyə mümkün təsirini yalnız kofeinlə izah etmək də düzgün deyil. Kofe yüzlərlə bioloji aktiv maddənin qarışığından ibarətdir. Onların arasında antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik ola bilən birləşmələr də var. Bu, maraqlı bir məqamı izah edə bilər: bəzi araşdırmalarda kofeinsiz kofe də ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskinin daha aşağı olması ilə əlaqələndirilib. Başqa sözlə, kofenin mümkün müsbət təsirlərinin hamısını kofeinin özü ilə əlaqələndirmək olmaz.

Bəs təzyiq?

Kofe içdikdən sonra qan təzyiqinin qısa müddətə yüksəlməsi mümkündür. Xüsusilə kofe içməyə öyrəşməyən insanlarda bu təsir daha nəzərəçarpan ola bilər. Amma müntəzəm kofe içən insanlarda orqanizm zamanla kofeinə müəyyən qədər uyğunlaşa bilər. Buna görə kofenin qan təzyiqinə təsiri hər insanda eyni deyil. Bu fərqin səbəblərindən biri də genetika, yaş və insanın kofe qəbuluna nə qədər öyrəşməsi ola bilər.

Əsas problem bəzən kofenin özü deyil

Səhər içdiyimiz kofenin sağlamlıq baxımından necə qiymətləndirilməsi onun içinə nə əlavə etdiyimizdən də asılıdır. Qəhvəyi şəkər, şərbət, çoxlu qaymaq və digər yüksək kalorili əlavələr kofenin potensial faydalarını azalda bilər. Məsələn, sadə qara kofe ilə böyük ölçülü, bir neçə qaşıq şəkər və şirin şərbətlə hazırlanmış kofe arasında sağlamlıq baxımından ciddi fərq var. Ona görə alimlərin “gündə beş fincana qədər kofe təhlükəsizdir” mesajını “gündə beş fincan şirin kofe içmək sağlamlıqdır” kimi başa düşmək olmaz.

Espresso və türk kofesi məsələsi

Kofenin hazırlanma üsulu da əhəmiyyətlidir. Xüsusilə süzülməmiş kofedə - məsələn, bəzi espresso, French press və qaynadılmış kofe növlərində kafestol adlı maddə daha çox ola bilər. Bu maddə “pis xolesterin” kimi tanınan LDL xolesterinin səviyyəsini yüksəldə bilər. Kağız filtrdən keçirilmiş kofedə isə bu maddənin miqdarı daha aşağıdır. Deməli, “kofe faydalıdır” fikrinin yanında “hansı kofe və necə hazırlanıb?” sualı da dayanır.

Enerji içkiləri kofe ilə eyni deyil

Burada daha bir vacib xəbərdarlıq var. Alimlərin adi kofe ilə bağlı əldə etdiyi nəticələri enerji içkilərinə tətbiq etmək olmaz. Enerji içkilərində kofein miqdarı daha yüksək ola bilər və yüksək dozada kofein ürək döyüntüsünün pozulmasına və qan təzyiqinin artmasına səbəb ola bilər. AHA xüsusilə yüksək dozalı kofein mənbələrinə ehtiyatla yanaşmağı tövsiyə edir. Yəni səhər bir neçə fincan adi kofe ilə yüksək kofeinli enerji içkisinin təsirini eyniləşdirmək düzgün deyil.

Bəs biznes insanı səhər neçə fincan içsin?

Gündəlik iş rejimini kofesiz təsəvvür edə bilməyənlər üçün elmi məlumatlardan çıxan ən sadə nəticə belədir: Əksər sağlam böyüklər üçün gündə 2–4 fincan kofe ümumilikdə təhlükəsiz görünür, 400 mq-a qədər kofein isə əksər insanlar üçün qəbul edilə bilən hədd hesab olunur.

Amma insanların kofeinə reaksiyası fərqlidir. Ürək ritmində problem, yüksək təzyiq və ya kofeinə həssaslıq kimi vəziyyətlərdə fərdi yanaşma vacibdir.

Üstəlik, kofe yuxuya da təsir edə bilər. Buna görə gün ərzində içilən kofenin miqdarı qədər nə vaxt içildiyi də əhəmiyyət daşıyır.

İllərdir kofe haqqında ziddiyyətli fikirlər eşidirik: bir gün faydalı olduğu deyilir, başqa gün ürəyə zərər verdiyi. Mövcud araşdırmalar göstərir ki, orta miqdarda, xüsusilə əlavə şəkər və digər ağır əlavələrsiz kofe əksər sağlam böyüklər üçün ürəyə təhlükə yaratmır və hətta bəzi ürək-damar göstəriciləri ilə müsbət əlaqələndirilir. Beləliklə, səhər işə başlayan, ilk görüşünə hazırlaşan və masasının üzərində bir fincan kofe olan biznes insanı üçün yaxşı xəbər var: günün ilk kofesindən imtina etməyə tələsməyə ehtiyac yoxdur. Sadəcə fincanların sayını və içinə nə əlavə etdiyinizə diqqət yetirin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)