Neftin qiyməti Yaxın Şərqdə gərginlik fonunda yüksəlib (28.10.2026)
Dünya bazarlarında neftin qiyməti Səudiyyə Ərəbistanındakı neft emalı zavoduna hücum edildiyi barədə məlumatlardan sonra yüksəlib. Hadisə Yaxın Şərqdə enerji təchizatında fasilələr yarana biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.
ENA.az xəbər verir ki, oktyabrın 28-də “Brent” markalı neftin fyuçersləri 1,3% artaraq bir barel üçün 115,36 dollara, ABŞ-ın WTI markalı neftinin qiyməti isə 1,22% yüksələrək 101,12 dollara çatıb.
Yəməndə fəaliyyət göstərən husilər çərşənbə axşamı Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunu raketlə hədəf aldıqlarını açıqlayıblar. Gündəlik 550 min barel emal gücünə malik obyektə hücumla bağlı Səudiyyə Ərəbistanı rəsmiləri hələlik təsdiqedici açıqlama verməyiblər.
Neftin qiyməti Yaxın Şərqdə diplomatik təmasların təchizatla bağlı narahatlıqları azaltması nəticəsində çərşənbə axşamı təxminən 2 dollar ucuzlaşmışdı. Lakin yeni hücum xəbərləri qiymətlərin yenidən yüksəlməsinə səbəb olub.
Bununla yanaşı, ABŞ-da neft ehtiyatlarının artacağına dair gözləntilər qiymət artımını məhdudlaşdıra bilər. OPEC+ ölkələrinin noyabrın 1-də keçiriləcək toplantıda dekabr ayı üçün hasilat hədəflərini dəyişməyəcəyi gözlənilir.

















