Vüsal Xəlilov: "AZQR ödənişləri bizneslərin xərclərini azaldacaq"
AZQR ödənişləri bizneslərin xərclərini azaltmağa və rəqabəti artırmağa xidmət edir.
Bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.
Onun sözlərinə görə, AZQR standartı ilə bağlı artıq vətəndaşlar təsərrüfat subyektlərində QR kod vasitəsilə ödəniş edə bilirlər: "Bu yeniliyin əhəmiyyəti ondan ibarətdir ki, QR ödənişləri tam şəkildə ölkə daxilində emal olunur və hazırda bazardakı ən aşağı xərcli ödəniş üsullarından biridir. Bu isə bir sıra üstünlüklər yaradır. İlk növbədə, təsərrüfat subyektlərinin ödənişlərlə bağlı xərclərinin azalmasına imkan verir. Digər tərəfdən, rəqabətlilik baxımından da müsbət təsir göstərərək, maliyyə sektorunda mövcud olan xərc çağırışlarının aradan qaldırılmasına dəstək olur".
O qeyd edib ki, hazırda AZQR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır: "Növbəti mərhələdə isə bu həll çərçivəsində təqdim olunan əlavə imkanların da artırılması planlaşdırılır. Bütün bu addımların əsas məqsədi ödəniş ekosistemində xərclərin azaldılması və daha səmərəli mühitin formalaşdırılmasıdır".


















