Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Elman Rüstəmov: Sosial paket inflyasiyaya az təsir edəcək | ENA.az
MALİYYƏ

Elman Rüstəmov: Sosial paket inflyasiyaya az təsir edəcək

Azərbaycanda həyata keçirilən sosial islahatlar inflyasiyaya güclü təsir etməyəcək. Nəzərə alaq ki, ölkə prezidentinin “problemli kreditlər”lə bağlı verdiyi fərman və sosial müavinətlərin, pensiyaların artması nəticəsində dövriyyəyə 2,2 milyard manatdan çox əlavə vəsaitin daxil olması gözlənilir.

"Businessinsider.az" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun sözlərinə görə, sözügedən fərmanla bağlı ayrılan vəsaitin böyük hissəsi emissiya xarakteri daşımır.  

“Bu vəsaitlər 2019-cu ilin büdcəsində əvvəlcədən nəzərdə tutulmuşdu. İnflyasiyanın qarşısını almaq üçün biz Mərkəzi Bankın bütün alətlərindən istifadə edəcəyik. Banklarda açıq valyuta mövqeyi yarana bilər və biz bunun qarşısını almaq üçün valyutada qiymətli kağızlar buraxacağıq.

Bundan başqa, Mərkəzi Bankın notları və depozit hərracları vasitəsilə əlavə vəsaiti bazardan yığacağıq. Biz düşünürük ki, situasiyada hər hansı əhəmiyyətli dəyişiklik baş verməyib”, - deyə E.Rüstəmov bildirib.  

Onun sözlərinə görə, digər sosial əhəmiyyətli qərarların inflyasiyaya təsiri az olacaq:

“Biz bu təsirləri 0,3-0,4% qiymətləndirmişik. İllik inflyasiya isə 1,7-1,8% təşkil edir. Ona görə də inflyasiyaya ciddi təsir gözlənilmir”.

Qeyd edək ki, martın 1-dən Azərbaycanda minimal əməkhaqqı 50 manat artaraq, 180 manat, minimal pensiya 44 manat artaraq, 160 manat, prezident təqaüdü isə 25 manat artaraq, 210 manat olub. Bununla yanaşı, 2019-cu il martın 1-dən şəhid ailələrinə verilən pensiya 220 manatdan 300 manata, məcburi köçkünlərə verilən müavinətlər 50% artırılıb.  

2019-cu ildə Azərbaycanda orta illik inflyasiya 3,1% proqnozlaşdırılır. Xatırladaq ki, 2018-ci il üzrə bu göstərici 2,3% təşkil edirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department