Bank

AIIB Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq.

Məlumata görə, bunu AIIB-in prezidenti və Direktorlar Şurasının sədri Cin Liqun Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi haqqında birgə bəyannamənin imzalanması zamanı bildirib.

"Azərbaycan AIIB-in təsisçilərindən biri kimi əvvəldən bizim üçün dəyərli tərəfdaş olub. AIIB ölkənin inkişafına dəstəyi davam etdirməyə sadiqdir və onun yüksək artım potensialını qəbul edir. Birgə bəyannamə qarşılıqlı əlaqəli gələcəyin formalaşdırılmasına yönəlmiş uzunmüddətli investisiya proqramı hazırlamağa dair səylərimizi əks etdirir. AIIB Azərbaycanla həm ölkə daxilində, həm də regionda onun milli prioritetlərini və infrastrukturunun inkişafını dəstəkləmək üçün işləməyi səbirsizliklə gözləyir", - o vurğulayıb.

Qeyd edək ki, birgə bəyannamə Azərbaycanın "2030-cu ilədək sosial-iqtisadi inkişafın Milli Prioritetləri" sənədində göstərilən milli strategiyasına və AIIB-in əsas missiyası olan "Sabahın İnfrastrukturu"nu maliyyələşdirməyə uyğundur.

Əməkdaşlığın genişləndirilməsi AIIB tərəfindən layihələrin suveren şəkildə maliyyələşdirilməsini nəzərdə tutan çoxillik investisiya proqramının yaradılmasına yönəlib.

Proqram üç əsas istiqamətə fokuslanacaq. Buraya dekarbonizasiyaya töhfə verən və milli iqlim hədəflərini dəstəkləyən qabaqcıl, iqlim dəyişikliyinə davamlı infrastrukturun maliyyələşdirilməsi; Azərbaycanın mühüm beynəlxalq ticarət və logistika dəhlizi kimi rolunu gücləndirmək üçün yeni nəsil nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafı; innovativ maliyyə modellərinin yaradılması və dövlət-özəl tərəfdaşlıq üçün əlverişli mühitin yaradılması hesabına özəl investisiyaların stimullaşdırılması daxildir.

Əsas ümumi məqsəd iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli və qlobal iqlim hədəflərinə nail olmağa töhfə verməkdir.

Xatırladaq ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və AIIB-in Bankın baş investisiya direktoru Konstantin Limitovski ötən gün Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Bankın prezidenti Cin Liqunun iştirak etdiyi mərasimdə Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.

AIIB 2016-cı ildə fəaliyyətə başlayıb. Hazırda onun 110 təsdiq edilmiş üzvü və 100 milyard ABŞ dolları məbləğində nizamnamə kapitalı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)