Sosial iqtisadiyyat

“Yaşayış minimumu haqqında” qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib

Parlament “Yaşayış minimumu haqqında” qanuna dəyişikliyi ilk oxunuşda qəbul edib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycanda minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tibb, təhsil və sosial sahəyə aid müəssisələrdəki şəxslərin qida normalarını müəyyən edəcək.

Qeyd edilib ki, qanun layihəsi ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb.

Hazırda qeyd olunan müəssisələrdə qida normaları Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli qərarına uyğun olaraq müəyyən edilir. Həmin normaların müəyyən edildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq bu normalarda mahiyyəti üzrə ciddi dəyişiklik edilməyib. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.

Qanun qəbul edildikdən sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları təsdiq ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)