MALİYYƏ

"Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" adını dəyişib

"Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" İctimai Birliyi adını "Azərbaycan Kapital Bazarları Assosiasiyası"na (AKBA) dəyişib.

Bunu Assosiasiyanın İdarə Heyətinin sədri Orxan Bağırov Bakıda keçirilən Maliyyə və İnvestisiya Forumunda bildirib.

"AKBA ölkənin kapital bazarlarının inkişafına töhvə vermək üçün yenilənmiş konseptlə fəaliyyətinə davam edir. Yeni konseptin əsas məqsədi kapital bazarlarını hamı üçün anlaşılan, əlçatan və cəlbedici etməkdir", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, qısa və orta müddətli dövrdə assosiasiya üzvlük və etik qaydalarını yenidən tənzimləməklə, üzvlük haqqı sistemini təkmilləşdirmək və üzvlərin aktivliyini artırmaq üçün müxtəlif reytinqlər tətbiq etməklə daxili idarəetmə mexanizmlərini möhkəmləndirəcək.

"AKBA yeni dövrdə xüsusilə kommunikasiya fəaliyyətini gücləndirməyi, ölkə daxilində və xaricində (beynəlxalq səviyyədə) nüfuzunu artırmağı, dövlət orqanları ilə münasibətlərini təkmilləşdirməyi hədəfləyir. Assosiasiya təqdimat və "roadshow"lar vasitəsilə üzvlərin sayını artırmağı planlayır. AKBA hüquqi məsələlər üzrə ekspert mərkəzi quraraq mübahisələrin həllində peşəkar vasitəçilik etməyi, o cümlədən kapital bazarlarında iştirak etmək istəyən hüquqi şəxslər üçün məsləhət xidmətləri verməyi planlaşdırır. Assosiasiyamız yeni dövrdə analitika və tədqiqat fəaliyyətini genişləndirərək bazar araşdırmaları aparacaq, ekspert qruplarını gücləndirəcək və innovativ texnoloji həllər tətbiq etməklə üzvlərinə effektiv xidmət verəcək. Yeni AKBA konsepti şəffaflıq, davamlı inkişaf və maarifləndirmə üzərində qurulmuşdur və bütün tərəfdaşlarla birlikdə Azərbaycanın kapital bazarlarını daha güclü və rəqabətədavamlı etməyi hədəfləyir", - deyə O.Bağırov əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)