Neft qiymətləri niyə qalxır - SƏBƏBLƏR

Ötən gün 75,04 dollara kimi bahalaşan Brent markalı neftin bir bareli günü 74,77 dollarla bağladı. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 10:24-ə olan bağlanış qiyməti ilə müqayisədə 0,19 faiz artaraq 74,91 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 71,64 dollara alınıb.
Neft qiymətləri ABŞ prezidenti Donald Trampın Venesueladan neft və ya qaz alan ölkələrə 25% rüsum tətbiq etməsindən, Rusiya xam neftinə ikinci dərəcəli tariflər tətbiq etmək planından və İrana hücum təhdidlərindən sonra yüksəlib. Bu qlobal gərginliyin neft tədarükünü poza biləcəyi ilə bağlı narahatlıqlar qiymət artımını dəstəkləyir.
Trampın “Azadlıq Günü” olaraq xarakterizə etdiyi 2 apreldə ikitərəfli tarifləri açıqlamağa hazırlığı qlobal ticarətə mümkün təsirləri baxımından qiymətləndirilir. Trampın tarifləri qlobal miqyasda ən böyük qeyri-müəyyənlik mənbəyi olaraq qalır və digər ölkələrdən potensial qisas alması ticarət müharibəsinin dərinləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Analitiklərin fikrincə, ticarət müharibəsinin qlobal artıma təsiri ilə bağlı narahatlıqlar neft qiymətlərindəki artımlara təsir edir.
ABŞ-ın vasitəçiliyi ilə Rusiya-Ukrayna sülh danışıqlarının gedişatı investorların diqqət mərkəzində qalmaqda davam edir. Tramp Moskvanın səhvi hesab etdiyi müharibəni dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsə, Rusiya neftinə “ikinci dərəcəli tariflər tətbiq edəcəyi” barədə xəbərdarlıq edib. “Bu o deməkdir ki, əgər siz Rusiyadan neft alsanız, ABŞ-da bizneslə məşğul ola bilməzsiniz" -deyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Trampın İranı bombalamaq hədəsinə reaksiya verib. “Bir dövlət başçısının İrana qarşı açıq bomba təhdidi beynəlxalq sülh və təhlükəsizliyin mahiyyətinə sarsıdıcı təhqirdir”, - Bekayi sosial media hesabında yazıb. Tramp isə İranın nüvə razılaşmasına nail olub-olmamasından asılı olaraq əlavə sanksiyaların tətbiq ediləcəyini bildirib.
İran həmçinin Fars körfəzində yanacaq qaçaqmalçılığı iddiası ilə iki xarici neft tankerini saxladığını açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Fars körfəzində "Star-1" və "Vinteg" adlı iki tankerə yanacaq qaçaqmalçılığı səbəbiylə İnqilab Keşikçiləri Korpusu müdaxilə edib.
Digər tərəfdən, Trampın mart ayında tarifləri artırmasına baxmayaraq, Çində istehsal sənayesində iqtisadi aktivlik genişlənməyə davam edib. Çin Milli Statistika Bürosunun (NBChina) məlumatına görə, istehsal sənayesi Satınalma Menecerləri İndeksi 2025-ci ilin mart ayında əvvəlki ayla müqayisədə 0,3 bənd artaraq 50,5-ə yüksəldi.