Azərbaycanda heyvanların sayı azalır - Hökumət səbəbləri AÇIQLADI

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub.
Rəsmi statistikaya görə, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. Belə ki, bu azalma həm inək və camışların sayında (ötən il 1 235,1 baş olub), həm də qoyun və keçilərin sayında (ötən il 7 060,6 baş olub) özünü göstərir.
Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin hesabatında azalmanın sayı ilə bağlı məlumat verilib.
Qeyd edilib ki, heyvanların baş sayının azalmasına təbii yem ehtiyatlarının və ənənəvi heyvandarlıqla məşğul olan fermerlərin sayının azalması, aşağı çəkidə heyvanların kəsilməsinin kütləvi hal alması, ət və yem məhsullarının bazar qiymətlərinin artması fonunda heyvan kəsiminin artması və digər amillər səbəb olub.
Son illərdə kənd təsərrüfatında yeni yaradılan iri heyvandarlıq təsərrüfatlarında müasir texnologiyaların tətbiqi ilə əlaqədar olaraq baş sayı azaldılmaqla daha məhsuldar heyvanların saxlanılması, iqlim dəyişikliyi nəticəsində quraqlıq hallarının artması, su ehtiyatlarının azalması və otlaq sahələrinin zəifləməsi, habelə heyvanların suya olan tələbatının tam ödənilməməsi də əsas amillərdəndir.
Azalmaya səbəb olan amillərdən biri də ölkədə mövcud heyvanların yemə olan tələbatının qismən ödənilməsidir. Təhlillər göstərir ki, tələbat qüvvəli yem üzrə 50-60%, quru ot üzrə 40-50%, sulu-şirəli yem üzrə isə 10% civarında ödənilir.
Heyvandarlıq sahəsinin dəstəklənməsi məqsədilə 2024-cü ildə 143 müraciət üzrə 5830 baş damazlıq heyvan (5032 baş iribuynuzlu, 798 baş xırdabuynuzlu) alışı üçün 17,4 min manat məbləğində güzəştli vəsait ayrılıb.