"Azercell"in səhmdarı “Kaspersky Lab”ın rəsmi partnyoru oldu
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri sayılan "Kasperski Lab"ın rəsmi partnyoru olaraq kommersiya məqsədi ilə bazara daxil olur.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Əməkdaşlığa əsasən, “AzInTelecom”un AZCLOUD bulud provayderi korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin təhlükəsizliyinin qorunması üçün “Kaspersky Lab”ın həllərini əlverişli şərtlərlə korporativ müştərilərinə təklif edəcək.
Dünya səviyyəsində tanınan bu həllər mərkəzləşdirilmiş idarəetmə, çevik lisenziyalaşdırma xüsusiyyətləri və infrastruktur xərclərinin tələb olunmaması kimi üstünlüklərə malikdir.
“Kaspersky Lab”ın statistik məlumatına əsasən, 2018-ci ildə Azərbaycanda 18,2% korporativ istifadəçi internetdə kibertəhlükələrlə qarşılaşıb.
Sözügedən şirkətin təqdim etdiyi texnologiyalar dünyanın 400 milyondan çox istifadəçisinin və 270 min korporativ müştərinin informasiya təhlükəsizliyini təmin edir.