Zakir Nuriyev: "Ödəniş əməliyyatlarının 63.8%-i nağdsız formada həyata keçirilib"
"Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılığa təsir edən prioritet faktorlardan biri də rəqəmsal ödəniş ekosisteminin rəqabətədavamlı fəaliyyətinin təmin edilməsi və mütəmadi əsasda inkişaf etdirilməsidir". Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyevin sözlərinə görə, həyata keçirilən islahatlar nəticəsində son üç ildə milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3.6 dəfə artaraq bu ilin ilk 10 ayında 606 milyard manat olub. Cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 63.8%-i nağdsız formada həyata keçirilib:
"Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qnaunvericilik bazası beynəlxalq təcrübəyə uyğun qurulduqdan sonra 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb. Həyata keçirilən islahatlar çərçivəsində Ani Ödənişlər Sisteminin infrastruktur imkanlarının təkmilləşdirilməsi, açıq bankçılıq üzrə platformanın formalaşdırılması, sandbox rejiminin tətbiqi ilə innovativ həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət diqqəti cəlb edir" - deyə Z. Nuriyev qeyd edib.
Assosiasiya rəhbəri əlavə edib ki, növbəti strateji dövrdə rəqəmsal ödəniş ekosistemin qabaqcıl beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsi məqsədilə lokal ödəniş kartlarının emissiyası məsələsi daha geniş çərçivədə müzakirə edilərək mövcud imkanlar və gələcək perspektivlər qiymətləndirilməlidir:
"Hesab edirik ki, lokal ödəniş kartlarının emissiyası ekosistemdə rəqabəti daha da təşviq etməklə xidmət haqlarının effektiv formada tənzimlənməsinə, uzunmüddətli perspektivdə infrastrukturun davamlılığının daha da artırılmasına imkan verəcək. Rəqəmsal transformasiya sahəsində aparılan islahatların davamı olaraq məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalı və günün tələblərinə uyğun təkmilləşdrilməlidir. Maliyyə inkluzivliyinin inkişafında açar rolunu oynayan bank hesablarının açılması zamanı eyniləşdirmə tələblərinin tətbiqində pilləli yanaşmanı daha da dərinləşdirərək mövcud proseslər sadələşdirilməlidir. Maliyyə bazarlarında innovativ həllərin tətbiqi prosesinin daha da sürətləndirilməsi üçün bu layihələrin təhlili, planlaşdırılması və realizasiyaya hazırlanması məqsədilə innovasiya hub-ın yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən innovasiya mərkəzinin yaradılması maliyyə bazarlarında real tətbiq ediləcək layihələrin reallaşdırılmasında mühüm rol oynayacaq".