Bank

Mərkəzi Bank 2 regional mərkəzi, 1 ərazi idarəsini niyə bağladı? - AÇIQLAMA

Keçən il ilk dəfə olaraq Azərbaycan Mərkəzi Bankı operator bank yanaşması tətbiq etməyə başladı və bundan sonra regional mərkəzlərinin, ərazi idarələrinin bəzilərini bağladı. Tənzimləyici bu prosesi sistemin optimallaşdırılması kimi açıqladı. Bəs, optimallaşma nəticəsində nəyə nail olacaq?

AMB sədri Taleh Kazımovun sözlərinə görə, hazırda operator bank lisenziyası iki - ABB və Kapital Banka verilib. Bu iki bank nağd vəsaitlərin idarə edilməsi üzrə fəaliyyətə malikdir.

“Həmin banklar nağd vəsaitlərə tələbi təmin edir. Nəzarət edirik ki, bizim tələblərimizə uyğun reallaşdırılsın. Qeyd etmək istərdim ki, bankların sayında limit yoxdur, digər banklar da tələblərimizə cavab verirsə operator bank ola bilər. Tələblər daha çox texniki tələblərdir”, - deyə T.Kazımov bildirib.

Nəzərə alsaq ki, AMB-nin regional mərkəzləri daha çox nağd pulun idarə edilməsi ilə məşğul olurdu, hazırda operator banklar bu vəzifənin öhdəsindən lazımınca gəlir.

AMB sədrinin sözlərinə görə, nağd pulun mədaxilində 11 faiz itirirdi, məxaricdə isə 34 faiz. Yəni, banklar ərazi idarələrinə pulu 11% az verirlər, 34% də az məxaric edirlər. Hazırda isə operator banklar - ABB, KapitalBank öz aralarında nağd əməliyyatları həyata keçirirlər, digər banklar da lazım olan vəsaiti onlardan götürürlər.

Bu da ona gətirir ki, nağd pulun idarə edilməsi istiqamətində həcmi kəskin azalır və həmin ərazi idarələrinin saxlanmasına heç bir ehtiyac yox idi, - T.Kazımov qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində Mərkəzi Bankın Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin cari ilin sonunda fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

Fəaliyyəti davam edəcək ünvanlar aşağıdakılardır:

Bakı şəhəri:

Mərkəzi Bankın inzibati binası, Bülbül prospekti 27

Yevlax şəhəri:

Yevlax Ehtiyat Mərkəzinin inzibati binası, Heydər Əliyev prospekti 82

Biləsuvar şəhəri:

Biləsuvar Regional Mərkəzinin inzibati binası, Heydər Əliyev küçəsi 2B

Naxçıvan şəhəri:

Naxçıvan Muxtar Respublikası İdarəsinin inzibati binası, Cəlil Məmmədquluzadə küçəsi 32

Ümumilikdə regional mərkəzlərin funksiyalarını aşağıdakı kimi təsnifləşdirmək olar:

  • Nağd pul tədavülünün təşkili və idarə olunması
  • Kredit təşkilatlarının fəaliyyətinə nəzarət
  • Monitorinq və statistik məlumatların toplanması
  • Kommunikasiya və maarifləndirmə
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)