“Startap” şəhadətnaməsi almaq istəyənlərə - TÖVSİYYƏLƏR
Startaplar yeni biznes istiqaməti kimi sürətlə inkişaf edir və unikal ideyaları ilə davamlı yeniliklər gətirməklə həyatımızı asanlaşdırırlar. Son dövrlər uğurlu azərbaycanlı startapların sayı sürətlə artmaqdadır. Buna səbəb həm də dövlət tərəfindən startap ekosisteminə göstərilən diqqət, innovativ ideyaların yaranmasını və inkişafını dəstəkləyən dövlət dəstəyi mexanizmlərinin işə salınmasıdır. Bu cür dəstəklər gəncləri stimullaşdırmaqla yanaşı, yeni ideyaların reallaşmasına və yeni startap layihələrini qlobal bazarlara çıxarmağa dəstək olur.
Azərbaycanda startap ekosistemi 10 il əvvəl və indi
Azərbaycanın startap ekosistemi son 10 ildə əhəmiyyətli dərəcədə inkişaf edib. 2010-cu illərin əvvəllərində başlanğıc mərhələsində olan bu inkişaf son bir neçə ildə sürətlənib. Biznes mühitinin yaxşılaşdırılması, texnoloji yeniliklərin həyatımıza sürətlə daxil olması, startaplar üçün təlim və mentorluq proqramlarının əlçatanlığı bu inkişafın əsas hərəkətverici amillərindəndir. Azərbaycanın qlobal texnoloji mühitə inteqrasiyası və son illər bu istiqamətdə müşahidə olunan inkişaf startap ekosisteminə təsirsiz ötüşməyib. Nəticədə İKT məhsullarına, texnologiyalara, onlayn platformalara artan tələbat texnoloji startapların sayının artmasına gətirib çıxarıb. Hazırda müxtəlif qurumlar və təşkilatlar tərəfindən startapları dəstəkləmək üçün bir sıra alətlər və mexanizmlər işə salınıb, sistemli və uzunmüddətli proqramlar, yol xəritələri təsdiqlənib. Startaplara göstərilən bir sıra vacib dövlət dəstəyi mexanizmləri isə məhz 2021-ci ildən etibarən yaradılıb. Buna misal olaraq startap ekosisteminin vacib elementlərindən olan “Startap” şəhadətnaməsini, startaplara qrantların verilməsini, texnologiyalar parkının rezidentləri üçün nəzərdə tutulan güzəştləri, Startap İnkişaf Mərkəzinin və startapların inkişafı üçün zəruri olan ilk vençur fondunun yaradılmasını qeyd etmək olar. Bütün bu proseslər həm də kölgədə qalmış startapların üzə çıxmasına təsir edir. Bu səbəbdən də son bir neçə ili startapların sürətli inkişaf dövrü kimi xarakterizə etmək mümkündür.
Dövlətin təşviq alətlərinin startap ekosisteminin inkişafına təsiri Dövlətin müxtəlif təşviq mexanizmlərinin startap ekosisteminin inkişafına təsiri çoxşaxəlidir. Bu dəstək alətləri əsasən startapların yaranması, inkişafı və bazara uğurlu inteqrasiyası mərhələlərini əhatə edir. Startaplara qrantlar, güzəştli kreditlər və investisiya dəstəyi verilir, texnoparklar və inkubasiya mərkəzləri startaplara ofis sahəsi, texniki dəstək, mentorluq və təlimlər təqdim edir. Belə mərkəzlər startapların qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmələrinə və sürətlə inkişaf etmələrinə kömək edir, onların tanınmasını və beynəlxalq bazarlara çıxışını dəstəkləyir. Bu cür dəstəkləri təmin edən dövlət qurumları sırasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ASAN İnnovativ İnkişaf Mərkəzi kimi qurumları qeyd etmək olar. Sevindirici haldır ki, özəl sektor da bu proseslərdən kənarda qalmır, banklar, mobil rabitə operatorları, Azərbaycanda fəaliyyət göstərən transmilli neft şirkətləri və digər sahibkarlar bu prosesdə aktiv iştirak edirlər.
Beynəlxalq təcrübə göstərir ki, startap ekosisteminin inkişafına təsir edən əsas amillərdən biri də vergi güzəştləri ilə bağlıdır. Startapların xərclərinin azaldılması və inkişaflarının daha effektiv təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsi verilir. “Startap” şəhadətnaməsi - innovativ təşəbbüsə əsaslanaraq sahibkarlıq fəaliyyəti həyata keçirən mikro və kiçik sahikarlıq subyektlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad olunmalarına əsas verən və KOBİA tərəfindən təqdim olunan hüquqi sənəddir. Sözügedən vergi güzəştləri startapların maliyyə yükünü azaltmaqla, resurslarını layihənin inkişafına yönəltməyə imkan verir. Vergi güzəştləri startapların maliyyə dayanıqlığını artırır və onların böyüməsini sürətləndirir. “Startap” şəhadətnaməsinin ən böyük üstünlüyü vergi güzəştləri olsa da, təcrübədə görürük ki, bu sənəd həmçinin startapa yerli və xarici investorların cəlb edilməsini, xarici bazarlara çıxışını asanlaşdırır. Son bir ildə “Startap” şəhadətnaməsini almaq üçün KOBİA-ya daxil olan müraciətlərin sayında dinamik artım müşahidə edilir. Bu göstərici həmin dəstək mexanizminin effektiv işləməsindən, gənclərin bu sahəyə marağının artmasından xəbər verir.
Bütün bunların fonunda bir sıra uğur hekayələrini də qeyd etmək yerinə düşərdi. Bu yaxınlarda Azərbaycan startapı “Dr.Agro” Niderland şirkəti tərəfindən satın alınıb. Onlayn təhsil platforması olan “Metatesk” startapının təsisçisi Günay İmanzadə “Forbes” jurnalının dərc etdiyi “30 UNDER 30” dünyanın 30 ən uğurlu gənc sahibkarı siyahısında yer alıb. Azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın ən yaxşı təhsil startapları arasında London şəhərində “Microsoft”, “Meta”, “Samsung” kimi şirkətlərin məhsulları ilə birgə sərgilənib. “Glorri” startapının dəyərləndirilməsi 7 mln. ABŞ dollarını keçib. Kağız çeklərin rəqəmsallaşması platforması olan “Recepta” startapı isə ölkəmizi 2024-cü ilin 7-9 may tarixlərində Əbu-Dabi şəhərində keçirilən və dünyanın 100-ə yaxın ölkəsindən startapların öz layihələrini investorlara təqdim etdiyi İllik İnvestisiya Toplantısında (AIM Congress) təmsil edərək, münsiflər heyətinin favorit layihələri arasında yer alıb. Yerigəlmişən Əbu-Dabidə ölkəmizi təmsil etmiş “Recepta” startapı KOBİA və ABB İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilmiş milli tur çərçivəsində seçilib. Adıçəkilən layihələrin dördünə də KOBİA tərəfindən “Startap” şəhadətnaməsi verilib. “Dr. Agro” layihəsi isə “Startap” şəhadətnaməsi ilə yanaşı, KOBİA tərəfindən keçirilmiş 4-cü qrant müsabiqəsinin qalibi kimi 16 min manat həcmində maliyyə dəstəyi də alıb. Azərbaycan startaplarının qeyd edilən uğurları yalnız son bir neçə ayda əldə olunmuş nailiyyətlərdir. Bu siyahını davam etdirmək olar, amma bu uğurları bir məqaləyə sığışdırmaq çətindir. Həmin startapları birləşdirən başlıca ortaq nöqtə isə onların layihələrinin inkişafına dövlət tərəfindən dəstək göstərilməsidir.
“Startap” şəhadətnaməsi almaq istəyənlərə tövsiyələr
2024-cü ilin 1 iyun tarixinə KOBİA-ya “Startap” şəhadətnaməsinin alınması məqsədilə 293 müraciət daxil olub, 151 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Göründüyü kimi “Startap” şəhadətnaməsi alanların sayı ümumi müraciətlərin 50%-ni təşkil edir. Bu o deməkdir ki, şəhadətnamənin verilməsi prosesi kifayət qədər şəffaf və sadə qurulub. Şəhadətnamənin verilməsi üçün sektorlar üzrə də hər hansı məhdudiyyət yoxdur. İndiyədək daha çox fintek, logistika, elektron ticarət, təhsil, aqrotek və s. sahələrdə proqram təminatı və mobil tətbiqlər üzrə müraciətlər daxil olub.
Startap layihəsinin ən vacib meyarı onun unikallığıdır. “Startap” şəhadətnaməsini almaq üçün müraciət edən şəxslər tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıq olmadıqda bu layihələrə Ekspertlər Şurasının iclaslarında onların iştirakı ilə baxılır, məhsul və ya xidmətin innovativliyi, rəqabətqabiliyyətliliyi, digər startap məhsulu ilə eynilik təşkil edib-etməməsi, layihənin gəlirlilik potensialı nəzərdən keçirilir və səs çoxluğu ilə qərar qəbul edilir. İmtina almış startap müraciətlərində əsas çatışmayan cəhət ondan ibarətdir ki, bir çoxlarında startap olmaq istəyi olsa da, onların startap ideyasını düzgün təqdim etmək, inkişaf etdirmək üçün bilikləri məhduddur. Bu səbəbdən startapların daha çox təlimlərə və mentor dəstəyinə ehtiyacı var. “Startap” şəhadətnaməsi almaq üçün müraciət etmiş və bu sənədi ala bilməyənləri KOBİA-nın xüsusi hazırlıq proqramlarına cəlb edirik. Növbəti müraciətlərdə onlar əvvəl yol verdikləri bütün boşluqları aradan qaldırır və təkrar müraciət üçün onlara şərait yaradılır.
Startaplar və “yaşıl iqtisadiyyat”
İqlim dəyişiklikləri və ətraf mühitin çirklənməsi ilə mübarizə, azalan təbii ehtiyatların səmərəli istifadəsi və artan tələbatın qarşılanması məsələləri startapların diqqətindədir. Yerli startaplar mütəmadi olaraq bu cür innovativ həllərlə “yaşıl iqtisadiyyat”a və iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməyə çalışırlar. Startaplarımızın bərpa olunan enerji, enerji səmərəliliyi, aqro texnologiyalar, ekoloji maarifləndirmə, tullantıların idarə edilməsi və s. sahələrdəki layihələri ətraf mühitin qorunması, “yaşıl iqtisadiyyat”a keçid ilə yanaşı, iqtisadi inkişaf baxımından da önəmlidir.
2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək. COP29-un Azərbaycanda keçirilməsi, ölkənin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə verdiyi dəstəyi nümayiş etdirir və regionda ətraf mühit problemlərinə diqqəti cəlb edir. Bu həm də “yaşıl iqtisadiyyat” və “yaşıl innovasiyalar” konsepsiyasına diqqəti daha da artırır.
“Startap” şəhadətnaməsi və qrant dəstəyi ilə bağlı sahibkarlardan və startaplardan daxil olan müraciətlərdə biz bunu əyani şəkildə görə bilirik. Son 3-4 ayda “Startap” şəhadətnaməsi və qrant dəstəyi ilə bağlı KOB subyektlərindən aldığımız müraciətlər arasında bu sahələr üzrə layihələr də var. Bunların biri cari ilin mart ayında KOBİA-dan “Startap” şəhadətnaməsi almış “Auto Source” layihəsidir. Sözügedən layihə alternativ içməli su mənbəyi kimi məhsul hazırlanmasını nəzərdə tutur. Digər layihə “Azprofeed” layihəsidir. Üzvü tullantıların emal edilərək yem istehsalında istifadə oluna biləcək alternativ protein və gübrənin istehsalını nəzərdə tutan layihə ölkədə qida tullantılarının səmərəli emalı, ölkəyə idxal olunan qiymətli komponentlərə ucuz əvəzedicinin istehsalı məqsədi daşıyır. İnnovativ külək generatoru, MDB məkanında ilk R2 sertifikatının alınması və s. startaplar daxil olmaqla, ümumilikdə indiyədək KOBİA tərəfindən “yaşıl layihələr”ə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək 15 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib.
Milyonluq startaplara gedən yolda ehtiyaclar
Hazırda startap ekosistemi genişlənir və güclənir. Prosesin davamlı olması, startapların uğur qazanması üçün maliyyə dəstəyi və investisiya imkanlarının artırılması vacibdir. Startap və innovasiya sahəsi investisiyaları ən çox sevən, eyni zamanda sərmayə qoyuluşlarının ən sürətli geri dönüşü olan və yüksək gəlir gətirən sahələrdəndir. Beynəlxalq təcrübə göstərir ki, startap ekosisteminə daha çox vəsait xərcləyən ölkələr daha çox uğur əldə edir. Azərbaycan gəncləri öz savadları, dil və baza texniki biliklərinə görə region ölkələri arasında ilk yerlərdən birini tutur. Zəncirin çatışmayan halqası - ekosistemə daha çox maliyyə vəsaitinin qoyulması, yeni dəstək mexanizmlərinin işə salınmasıdır. Burada dövlətlə yanaşı, özəl sektorun üzərinə də xeyli iş düşür. Gələcək planlarımızda dövlət-özəl tərəfdaşlığı mexanizmi əsasında yeni vençur fondlarının yaradılması, eləcə də Startap İnkişaf Mərkəzi şəbəkəsinin genişləndirilməsi istiqamətində səylərimizi davam etdirmək var.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov
"Biznes həyatı" jurnalı