Tibb üzrə Nobel mükafatını genetiklər aldı. Hansı ixtiraya görə?
İsveçin Karolinska İnstitutunda keçirilən mətbuat konfransında tibb üzrə 2024-cü il Nobel mükafatı laureatları açıqlanıb.
Ambros və Ruvkun “mikroRNT-nin kəşfi və onun transkripsiyadan sonrakı gen tənzimlənməsində rolu” sahəsindəki işlərinə görə mükafatlandırılıblar.
Hər ikisi də genlərin tənzimlənməsində mühüm rol oynayan yeni kiçik RNT molekulu olan mikroRNT-ni kəşf etdi və onların tapıntıları yeni bir gen tənzimləmə prinsipini ortaya qoydu.
Sözügedən araşdırma göstərdi ki, mikroRNT-lər çoxhüceyrəli orqanizmlər, o cümlədən insanlar üçün vacibdir və orqanizmlərin inkişafı və fəaliyyətində mühüm rol oynayır.
Ambros və Ruvkun kimdir?
Viktor R. Ambros 1953-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatında anadan olub. 1975-ci ildə Massaçusets Texnologiya İnstitutunda (MIT) biologiya üzrə bakalavr dərəcəsini bitirən Ambros, 1979-cu ildə həmin universitetdə doktorluq dərəcəsi almışdır.
Ambros 2008-ci ildən Massaçusets Universitetinin Tibb Məktəbində işləyir.
1952-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olan Qari Ruvkun 1973-cü ildə Berkli Kaliforniya Universitetində bakalavr təhsilini başa vurub. Ruvkun “bakterial azot fiksasiya genləri” mövzusundakı araşdırmaları ilə Harvard Universitetində doktorluq dərəcəsi alıb.
Ruvkun Harvard Tibb Məktəbinin genetika professorudur.
Tibb üzrə 2023-cü il Nobel mükafatı mRNT tərkibli Covid-19 peyvəndinin yaradılmasına imkan yaradan tədqiqatlar aparan 68 yaşlı macar alim Katalin Kariko və 64 yaşlı amerikalı alim Dryu Veysmana verilib.
Nobel mükafatları haqqında
İsveçli Alfred Nobelin ölümündən sonra 9 iyun 1900-cü ildə təsis edilən Nobel Fondunun bəşəriyyətə xidmət edənlərə verdiyi mükafatlar dünyanın ən nüfuzlu mükafatları hesab olunur.
Nobel mükafatları İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən 5 sahədə ən uğurlu hesab edilən şəxslərə və ya təşkilatlara verilir: fizika, kimya, ədəbiyyat, sülh və tibb.
Bundan əlavə, iqtisadiyyat üzrə Nobel mükafatı ilk dəfə 1969-cu ildə, İsveç Mərkəzi Bankının 1968-ci ildə Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə mükafatın verilməsi barədə qərar qəbul etdiyi zaman verilib.
Nobel mükafatları hər il dekabrın 10-da Alfred Nobelin vəfatının ildönümündə keçirilən mərasimdə sahiblərinə verilir.
Digər tərəfdən, 1901-ci ildən bəri mükafatların verilmədiyi bir neçə il olub. Mükafatların ləğvi hallarının əksəriyyəti, ümumilikdə 49-u Birinci və İkinci Dünya Müharibələri zamanı baş verib.
Covid-19 epidemiyası səbəbindən 2020 və 2021-ci illərdə də mükafatlandırma mərasimləri keçirilə bilmədi.