Elm və Texnologiya

Azərbaycanda finteklər lisenziyalaşır. İnkişafa təkan verəcək, yoxsa mane olacaq? - MÜSAHİBƏ

Elektron ödəniş sistemləri artıq iyun ayından lisenziya ilə fəaliyyət göstərəcəklər. İndiyə qədər bu sahə tənzimlənmirdi, çətinliklər, ciddi nöqsanlar olsa da, inkişaf tempi yüksəkdir. “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası” təsdiq edildikdən sonra lisenziyalar üçün sənədlərin yığılmasına başlanılıb.

Biznes lisenziyalaşmaya hazırdırmı və fəaliyyətin tənzimlənməsi bu sahənin inkişafına və ya müəyyən müddət durğunluğa səbəb olacaq?

ENA.az-ın suallarını E-Pul platformasının CEO-su Samir Nəsibov cavablandırıb.

- Azərbaycanda nağdsız dövriyyə, elektron ödəniş sistemlərinin inkişaf templəri qane edicidirmi?

- Dünyada illik artım orta hesabla 8 faiz olanda Azərbaycanda 40 faizə çatıb. Ölkə əhalisi, xüsusən də maliyyə sektoru nağdsız əməliyyatlara keçidlə bağlı yüksək nəticələr ortaya qoydu, bu sahədə yaxşı startap layihələr meydana çıxdı. Bunlar isə elektron ödənişlər sistemindən istifadə üzrə dinamikanı yüksək səviyyəyə çatdırdı.

- Azərbaycanda elektron ödəniş sistemində çalışan şirkətlərin sayı məlumdurmu və ümumiyyətlə bu bizneslə məşğul olmaq nə qədər rahatdır? 

- Məndə olan məlumata görə, 30-dək şirkət var və bildiyiniz kimi Azərbaycan Mərkəzi Bankı bu sahənin lisenziya ilə fəaliyyət göstərməsi üçün hüquqi çərçivəni müəyyən edib. Bizim kimi şirkətlər fəaliyyət göstərmək üçün lisenziya almalıdırlar. Şirkətlər sənədlərini hazırlayıb, Mərkəzi Bank proseslərə çox loyal yanaşır və eyni zamanda sənədlərlə bağlı ciddi tələbləri vardır. Sənədləri təqdim etmək üçün bu il mayın 9-dək bütün şirkətlərə vaxt verilib.

- Yeni texnologiyaların tətbiqi sahəsində irəliləyişlər necə gedir?  

- Hesab edirəm ki, yeni texnologiyaların ən yüksək səviyyəsi süni intelektdir. Artıq insanlar tətbiqə də girmək istəmirlər. İnsanlar artıq tətbiq ilə danışmaq istəyir. Bununla bağlı biz də işlərə başlamışıq, tərəfdaşlarımızla çalışırıq. Növbəti illərdə bazarda elə tətbiqlər ortaya çıxacaq ki, siz yalnız şifahi göstəriş verməklə əməliyyatlar yerinə yetiriləcək.

- Mərkəzi Bank finteklərlə bağlı təhlükəzilik məsələlərində ciddi tələblər qoyub. Bu tələblərə nə qədər cavab verə bilirsiniz?

- Pandemiyadan sonra rəqəmsallaşma daha sürətlə inkişaf edir və hökumət də çalışır ki, bütün sahələrdə elektron keçid təmin olunsun. Paralel olaraq “frot” hallar da çoxalıb və təhlükəziliyin yüksək səbiyyədə olması qaçılmaz bir tələbdir. Mərkəzi Bank maliyyə hesabatlılığı və digər məsələləri də tələb edir və biz bunları həyata keçirməliyik.

- Necə hesab edirsiniz lisenziyalaşdırma inkişafa səbəb olacaq, yoxsa bazarda bir qədər durğunluq yaranacaq?

- Düşünürəm ki, inkişafa təkan verəcək. Bizim üçün yeni imkanlar açılır. Lisenziya alandan sonra hesab aça, maliyyə sektoru kimi ƏDV-dən azad oluruq və s.

- E-Pul öz sahəsində tanınanlardan biridir. Sirr deyilsə, gündəlik dövriyyəniz nə qədərdir?

- Bizim EPul tətbiqi ilə yanaşı agent, QR xidmətlər də göstəririk və bir neçə startap layihələr üzərində çalışırıq. Aylıq dövriyyəmiz 50 milyon manata çatır. Hesab edirəm ki, Azərbaycan üzrə yaxşı göstəricidir.

- Azərbaycandakı ödəniş təşkilatlarının marjası nə qədərdir?

- 0,5%!

- Belə çıxır ki, bu, dolanmağa imkan verir?

- Ona görə də gərək dövriyyə böyük olsun ki, gəlirlə işləyəsiniz, əks halda mümkün deyil. Yoxsa sırf layihə kimi işləyəcək və pul gətirməyəcək. Müştəri bazası yığmaq və məhsul satmaq lazımdır.

- Biznesin bu platformalara gəlməsi ilə bağlı nə düşünürsünüz, çünki bu halda böyük dövriyyələri idarə edəcəksiniz. Amma belə olanda halda ödəniş platformaları limitləri müəyyən qədər yüksəltməlidir.

- Belə planlarımız var. Hazırda bir neçə görüş keçiririk və beynəlxalq köçürmələrlə bağlı Visa ilə tərəfdaşlıq üzərində işləyirik.  Azərbaycan daxilində isə Amipay üzrə işləyirik və daxili məhsulumuza inteqrasiya edirik. Lisenziyanı alandan sonra bəzi məsələlər də həllini tapacaq və imkan verəcək ki, xərclərimizi azaldaq.

- Bəs, kadr necə tapa bilirsinizmi?

- Bu sahədə yaxşı kadrlarımız var, xüsusən də güclü proqramçılarımız. Düzdür, xaricə getməsələr daha yaxşı olar.

- Yuxarıda Çayvoyu xatırlatdınız. Bu cür startaplar çoxdurmu, gənc nəslin rəqəmsal texnologilayarla bağlı potensialını necə qiymətləndirisiniz?

- Bizə həftədə 3 dəfə gənclər yaxınlaşır, yeni startaplarını təqdim edirlər. Düzdür, onların 90%i çiy olur və ya biznes layihəsi kimi cəlbedici olmur. Amma çox maraqlı ideyalar var və yeni məhsulların yaranması tezliyi bizi sevindirir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)