"Apple"ın Çin şoku
Texnologiya nəhəngi Apple-in investorlarını Çin gəlirlərinin azalması narahat edib. Dekabrın 30-da başa çatan rübdə Apple-ın Çin satışları 13 faiz azalaraq 20,8 milyard dollar təşkil edib.
Analitiklər Çində Apple-dan 23,5 milyard dollar gəlir gözləyirdilər. Apple-ın maliyyə direktoru Luca Maestri, Çin satışlarının azalmasından məmnun olmadıqlarını ifadə etsə də, cari rüb üçün gəlir artımının sabit olacağını da proqnozlaşdırıb. Huawei-nin yeni nəsil telefonlarını bazara çıxararaq Çində sifarişlərini yüzdə 36 artırması Apple-ın satışlarına zərbə vurub.
Çindəki eniş Apple-ın ümumi balans uğurunu da kölgədə qoydu. Şirkət bu rübdə gəlirini yüzdə 2,1 artıraraq analitiklərin gözləntilərini üstələyib 119,6 milyard dollara çatıb. Buna baxmayaraq, Apple səhmləri fyuçers bazarında 3 faizdən çox ucuzlaşıb.
Texnologiya nəhənglərində müsbət balans
Cümə axşamı balans hesabatlarını açıqlayan və "Möhtəşəm Yeddilik" şirkətləri arasında yer alan Meta Platforms və Amazon 2023-cü ildə həyata keçirdikləri xərc tədbirlərinin, xüsusilə də işçi qüvvəsinin azaldılmasının bəhrəsini aldı.
Facebook və Instagram kimi platformaların yer aldığı Meta 2023-cü ilin son rübündə 40,1 milyard dollar gəlir və 14 milyard dollar mənfəətlə gözləntiləri üstələyib.
Tarixində ilk dəfə səhm başına 50 sent dividend ödəyəcək Meta, 50 milyard dollarlıq səhmləri geri almağı planlaşdırdığını da açıqladı. Meta səhmləri fyuçers bazarında 14 faizdən çox bahalaşıb. Amazon eyni rübdə gəlirini 14 faiz artıraraq 70 milyard dollara çatdırıb. Amazonun gəlir artımı xərclərinin artım tempindən təxminən iki dəfə sürətli olub. Amazon səhmləri fyuçers bazarında 7 faizdən çox bahalaşıb.
Meta 2023-cü ildə işçilərinin sayını 22 faiz azaldıb, Amazon isə 2022-ci ildə başladığı xərc tədbirləri çərçivəsində keçən il 35 min işçisini işdən çıxarıb.